Bakı.Trend:
ABB Bank yaxın perspektivdə QR-kodlardan istifadə etməklə transsərhəd ödənişlərin inkişafı məqsədilə türk dövlətlərinin fintex şirkətləri və təşkilatları ilə əməkdaşlıq qurmağı planlaşdırır.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu "ABB Bank"ın baş direktoru Mehmet Ali Savaş Bakıda Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə keçirilən, türk dövlətlərinin nümayəndələrinin iştirak etdiyi fintex missiyası çərçivəsində bildirib.
Onun sözlərinə görə, ABB Bank ABB Mobile mobil tətbiqinin istifadəçilərinin sayını təxminən 30-40 min nəfərdən 3 milyondan çoxa çatdırıb.
“Əvvəlcə tətbiq yalnız əsas xidmətləri təqdim edirdi. Lakin bu gün onun vasitəsilə investisiya xidmətlərindən istifadə etmək, aviabiletlər və tədbirlərə biletlər almaq, eləcə də beynəlxalq pul köçürmələri həyata keçirmək mümkündür.
Təbii ki, biz bütün bunlara təkbaşına nail olmamışıq. Bu xidmətlərin hər birinin arxasında fintex şirkəti və ya texnologiya təşkilatı dayanır. Məsələn, aviabiletlərin satışı zamanı bir texnologiya şirkəti ilə əməkdaşlıq edirik, İstanbula, Türkiyənin digər şəhərlərinə və Avropaya pul köçürmələri üçün isə UPT və ya Mastercard xidmətlərindən istifadə edirik”, — deyə o bildirib.
Savaş banklarla fintex şirkətləri arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, yaxın gələcəkdə türk dövlətləri arasında ödənişləri vahid standartlar əsasında QR-kodlar vasitəsilə həyata keçirmək mümkün olacaq.
“Bu vəzifənin yerinə yetirilməsi üçün nələrin lazım olduğuna nəzər salsaq, artıq bütün zəruri imkanlara malik olduğumuzu görərik. Səmərəli işləyən "AsGar" sistemimiz var. ABB Mobile və digər bankların mobil tətbiqlərində müvafiq ödəniş infrastrukturundan heç bir çətinlik çəkmədən istifadə edə bilərik. Türkiyədə Troy sistemi, həmçinin mərkəzi banklarımız var. Türkiyədə deyildiyi kimi, bütün inqrediyentləri bir araya gətirib halva hazırlamaq qalır. Bizdə hər şey var, mövcud imkanları birləşdirmək lazımdır”, — deyə o qeyd edib.
Savaş bu təşəbbüsün qısa müddətdə həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib və ABB Bank-ın bu sahədə fintex şirkətləri və təşkilatları ilə operativ şəkildə əməkdaşlıq qurmağa hazır olduğunu vurğulayıb.
Onun sözlərinə görə, bu, transsərhəd ödənişləri həm müştərilər, həm də bütövlükdə ölkə üçün daha sərfəli etməyə imkan verəcək.
Qeyd edək ki, hazırda Bakıda Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə “Bakı Fintex Sektorunun Ticarət Missiyası” proqramı keçirilir. Tədbirdə Azərbaycan, Türkiyə və Qazaxıstanın maliyyə və fintex sektorlarının nümayəndələri iştirak edirlər.
Proqram çərçivəsində türk dövlətlərində rəqəmsal ödənişlərin inkişaf perspektivləri, maliyyə texnologiyalarının tənzimlənməsinə dair yanaşmaların uzlaşdırılması və ödəniş sistemlərində yeni texnoloji tendensiyalar müzakirə olunur.
