Bakı. Trend:
Türk dövlətləri arasında rəqəmsal kimlik və ödəniş sistemlərinin inteqrasiyası fintex sektorunda əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yarada bilər.
Bunu Azərbaycan Fintex Assosiasiyasının (AzFina) İdarə Heyətinin sədri Edqar Abdullayev Trend-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda fintex sektorunun inkişafı
üçün əhəmiyyətli potensial mövcuddur: "Bu potensialın
reallaşdırılması üçün maliyyə texnologiyaları sahəsində fəaliyyət
göstərən şirkətlərin imkanlarının genişləndirilməsi, tənzimləyici
qurumlarla əməkdaşlığın gücləndirilməsi və beynəlxalq təcrübənin
tətbiqi vacibdir.
Maliyyə texnologiyalarının inkişafı ilə yanaşı, maliyyə
təhlükəsizliyi və çirkli pulların yuyulmasına qarşı mübarizə
tələbləri də nəzərə alınmalıdır. Bu baxımdan, sektorun
tənzimlənməsi risklərə əsaslanmalı, eyni zamanda, yeni xidmətlərin
yaradılmasına və innovativ həllərin tətbiqinə şərait
yaratmalıdır".
O bildirib ki, Azərbaycan Mərkəzi Bankı ilə fintex şirkətləri arasında əməkdaşlıq və dialoq sektorun inkişafında mühüm rol oynayır. Ani ödəniş sistemi və AZQR standartı kimi həllər ödəniş xidmətlərinin genişləndirilməsi və yeni texnoloji imkanların yaradılması baxımından əhəmiyyətlidir.
E. Abdullayev vurğulayıb ki, Azərbaycanda fintex sektorunun inkişafı regional əməkdaşlıq üçün də yeni perspektivlər açır: "Bu istiqamətdə 2024-cü ildə yaradılmış Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) platforması xüsusi əhəmiyyət daşıyır. Platformanın təsisçiləri Azərbaycan Fintex Assosiasiyası və Türkiyənin Ödəniş və Elektron Pul Təşkilatları Assosiasiyasıdır (TÖDEB). Özbəkistan, Qazaxıstan və Qırğızıstan da bu əməkdaşlıq formatında iştirak edir".
AzFina sədri vurğulayıb ki, platformanın əsas məqsədlərindən biri türk dövlətləri arasında fintex ekosistemlərinin əlaqələndirilməsi, ödəniş xidmətlərinin inkişafı və maliyyə texnologiyaları sahəsində əməkdaşlığın dərinləşdirilməsidir.
“Türk dövlətləri arasında rəqəmsal ödəniş sistemlərinin inteqrasiyası və rəqəmsal kimlik mexanizmlərinin uyğunlaşdırılması istifadəçilər üçün daha geniş imkanlar yarada bilər. Bu, bir ölkədə yaradılmış maliyyə xidmətlərindən digər ölkələrdə də rahat istifadə edilməsinə şərait yarada bilər”, - deyə o bildirib.
E.Abdullayevin sözlərinə görə, gələcəkdə elektron pul təşkilatlarının xidmətlərinin müxtəlif ölkələrdə qarşılıqlı istifadəsi və ani ödəniş sistemlərinin əlaqələndirilməsi əsas əməkdaşlıq istiqamətlərindən biri ola bilər. Belə inteqrasiya pul köçürmələrinin sürətlənməsinə, əməliyyat xərclərinin azalmasına və istifadəçilərin maliyyə xidmətlərinə çıxışının asanlaşmasına kömək edə bilər.
O əlavə edib ki, rəqəmsal kimlik həlləri bu prosesdə mühüm rol oynaya bilər: "Müxtəlif ölkələrdə istifadəçilərin identifikasiyası mexanizmlərinin uyğunlaşdırılması maliyyə xidmətlərindən sərhədlərarası istifadənin sadələşdirilməsinə imkan verə bilər. Bununla belə, bu cür mexanizmlərin tətbiqi zamanı məlumatların təhlükəsizliyi, maliyyə sistemlərinin dayanıqlılığı və ölkələrin iqtisadi suverenliyi ilə bağlı məsələlər də nəzərə alınmalıdır".
AzFina sədri qeyd edib ki, regional inteqrasiyanın inkişafı üçün yalnız texnoloji həllər kifayət deyil. Bununla yanaşı, qanunvericilik və tənzimləmə yanaşmalarının uyğunlaşdırılması, eləcə də ölkələrin müvafiq qurumları arasında koordinasiyanın gücləndirilməsi vacibdir.
O bildirib ki, elektron pul və ödəniş təşkilatlarının fəaliyyətinə dair hesabatlılıq tələbləri də maliyyə sisteminin şəffaflığının və nəzarət mexanizmlərinin təmin edilməsinə xidmət edir.
E.Abdullayevin fikrincə, rəqəmsal kimlik, ani ödəniş sistemləri və elektron pul xidmətləri üzrə əməkdaşlığın genişləndirilməsi Azərbaycan fintex şirkətlərinin regional bazarlara çıxışını asanlaşdıra, eyni zamanda, türk dövlətləri arasında rəqəmsal iqtisadi əlaqələrin inkişafına töhfə verə bilər.
