Bakı. Trend:
Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi son 5 ildə 8,5 dəfə artaraq 77,2 milyon dollara çatıb. Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında ümumi ticarət dövriyyəsi isə 2025-ci ildə 1 milyard 765 milyon dolları ötüb.
Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bunu çərşənbə axşamı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələr genişlənir və bu əməkdaşlığın inkişafı beynəlxalq yükdaşımalar sahəsində də özünü göstərir.
Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 50 faizdən çox artıb. 2024-cü ildə bu göstərici 1 milyard 152 milyon dollar təşkil edib.
V.Bayramov qeyd edib ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın gücləndiyi əsas istiqamətlərdən biri Orta Dəhliz vasitəsilə həyata keçirilən yükdaşımalarla bağlıdır. Bu ilin ilk 8 ayında Orta Dəhliz vasitəsilə region üzərindən daşınan yüklərin həcmi 20 faiz artıb.
Deputat vurğulayıb ki, yükdaşımaların genişlənməsi qardaş türk dövlətlərinin valyuta gəlirlərinin artmasına da imkan yaradır.
O, Azərbaycanın beynəlxalq iqtisadi və siyasi platformalarda fəallığının artmasına da diqqət çəkib. Bildirib ki, oktyabrın 15-də Bakıda Qırğızıstanın da üzv olduğu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısı keçiriləcək. Azərbaycan 2024-cü ildən bu əməkdaşlıq platformasına sədrlik edir.
V.Bayramovun sözlərinə görə, AQEM 28 üzv dövləti birləşdirir, daha 10 ölkə isə platformada müşahidəçi statusunda təmsil olunur. Üzv dövlətlərin payına qlobal ümumi daxili məhsulun təxminən 40 faizi düşür. Bu isə ümumi iqtisadi həcmi 47 trilyon dollardan çox olan ölkələrin təmsil olunduğu platformanın zirvə toplantısının Bakıda keçirilməsinin əhəmiyyətini göstərir.
Deputat əlavə edib ki, ABŞ və Yaponiya kimi böyük iqtisadi güclər də AQEM-də müşahidəçi statusuna malikdirlər. Onun fikrincə, bu platforma Azərbaycan üçün beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm imkanlar yaradır.
V.Bayramov qeyd edib ki, AQEM-ə üzv dövlətlərlə iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycanın xarici iqtisadi siyasətində getdikcə daha böyük əhəmiyyət kəsb edir. Bu çərçivədə ölkələrin iqtisadi və investisiya imkanlarının qarşılıqlı tanıdılması, əməkdaşlığın prioritetlərinin müəyyənləşdirilməsi və daha sıx iqtisadi əlaqələrin qurulması vacibdir.
Deputat Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə mətbuata bəyanatlarında səsləndirilən fikirlərə də toxunaraq, iqtisadi və investisiya imkanlarının tanıdılmasının, qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
O bildirib ki, dünyada yeni geosiyasi düzənin formalaşdığı, müxtəlif siyasi gərginliklərin müşahidə olunduğu bir dövrdə Azərbaycanın həyata keçirdiyi xarici siyasət ölkənin beynəlxalq mövqelərini gücləndirir.
“Çoxvektorlu xarici siyasət Azərbaycanın eyni zamanda Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu daha da artırıb”, – deputat qeyd edib.
V.Bayramovun fikrincə, Azərbaycanın regional “orta güc” dövlətinə çevrilməsi onun artan geosiyasi və iqtisadi əhəmiyyətinin göstəricisidir. O vurğulayıb ki, Asiya dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi fonunda ABŞ daxil olmaqla Qərb ölkələri ilə tərəfdaşlığın inkişafı da prioritet olaraq qalır.
Deputat əlavə edib ki, uğurlu xarici siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirir və regionda yeni əməkdaşlıq imkanlarının formalaşmasına şərait yaradır.
