Bakı. Trend:
Türkiyədə kart ödənişləri sistemi inkişaf edərək ölkənin ödəniş infrastrukturunun əsas elementlərindən birinə çevrilib. Son illərdə elektron ticarətin genişlənməsi və rəqəmsal ödənişlərə tələbatın artması kartlardan istifadənin daha da yayılmasına səbəb olub.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Türkiyənin milli kart ödəniş sistemi TROY-un üzvlərlə əlaqələr və marketinq üzrə baş direktorunun müavini Cengiz Değirmenci çərşənbə axşamı “Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı”nda deyib.
Onun sözlərinə görə, Türkiyənin ödəniş ekosisteminin inkişafında banklararası əməkdaşlıq və vahid infrastrukturun yaradılması mühüm rol oynayıb. 13 bankın iştirakı ilə qurulan sistem ölkənin ödəniş infrastrukturunun əsas hissələrindən birini təşkil edir.
C.Değirmenci bildirib ki, sistem fəaliyyətə başladığı vaxtdan kart əməliyyatlarının emalı, klirinq və hesablaşma xidmətlərini həyata keçirir. Sonrakı mərhələlərdə isə bu infrastruktura təhlükəsizliyi artıran, əməliyyatları asanlaşdıran və banklarla fintex şirkətlərinin ehtiyaclarını qarşılayan müxtəlif əlavə xidmətlər inteqrasiya olunub.
“Ödəniş ekosistemində əsas məqsəd əməliyyatların daha səmərəli həyata keçirilməsini təmin etmək və prosesləri sadələşdirməkdir. Bunun üçün bankların və fintex şirkətlərinin ehtiyaclarına uyğun texnoloji həllər və əlavə dəyər yaradan xidmətlər inkişaf etdirilir”, - deyə o qeyd edib.
TROY rəsmisi vurğulayıb ki, Türkiyənin ödəniş infrastrukturunun mühüm xüsusiyyətlərindən biri müxtəlif kart sistemləri üzrə əməliyyatların vahid mərkəzləşdirilmiş infrastruktur vasitəsilə emal edilməsidir. Onun sözlərinə görə, bu yanaşma əməliyyatların idarə edilməsini asanlaşdırır və ödəniş ekosisteminin səmərəliliyini artırır.
C.Değirmenci Türkiyədə kartlı ödəniş sistemlərinin inkişafını şərti olaraq üç mərhələyə bölüb.
O bildirib ki, ilk mərhələdə banklar bazarın formalaşmasında və böyüməsində əsas rol oynayıblar. Bu dövrdə kartların yayılması, ödənişlərin sürətləndirilməsi, təhlükəsizliyin təmin edilməsi və istifadəçilər üçün rahatlığın artırılması əsas prioritetlər olub.
İkinci mərhələdə pərakəndə ticarət sektorunun təşkilatlanması və kart istifadə edən müştərilərin sayının artırılması ön plana çıxıb. Bu dövrdə ticarət obyektlərinin kart ödənişlərini qəbul etmək imkanlarının genişləndirilməsi bazarın böyüməsinə töhfə verib.
Onun sözlərinə görə, sonrakı mərhələdə isə müştərilərin davranışı və seçimləri kart ödənişlərinin inkişafına daha çox təsir göstərməyə başlayıb.
“İstifadəçilər artıq kartların təhlükəsiz, sürətli və geniş yayılmış ödəniş vasitəsi olduğunu bilirlər. Eyni zamanda, kartlardan istifadənin onlara iqtisadi baxımdan da fayda verdiyini görürlər”, - deyə C.Değirmenci bildirib.
O əlavə edib ki, xüsusilə pandemiyadan sonra elektron ticarətin genişlənməsi kart ödənişlərinin artımını sürətləndirib. Son beş ildə bu tendensiya daha aydın müşahidə olunub və Türkiyədə pərakəndə ticarətdə kart ödənişlərinin payı 80 faizi ötüb.
TROY rəsmisi yeni ödəniş texnologiyalarına da toxunaraq bildirib ki, QR-kod və NFC texnologiyalarını ayrıca ödəniş üsulu deyil, ödənişin həyata keçirilmə vasitələri kimi qiymətləndirmək lazımdır. Onun sözlərinə görə, hesaba əsaslanan ödənişlər isə ənənəvi kart ödənişlərinə alternativ kimi inkişaf edən modellərdən biridir.
“QR-kod və NFC ödənişin həyata keçirilməsi üçün istifadə olunan texnologiyalardır. Hesaba əsaslanan ödənişlər isə fərqli ödəniş modeli kimi çıxış edir. Bu modellərin səmərəli işləməsi üçün texniki, maliyyə və əməliyyat proseslərinin düzgün əlaqələndirilməsi vacibdir”, - deyə o bildirib.
C.Değirmenci qeyd edib ki, Türkiyədə NFC texnologiyasından istifadə genişlənib, QR-kodla ödəniş imkanları isə ticarət obyektlərində müxtəlif ödəniş infrastrukturları vasitəsilə əlçatandır. QR-kod həm kart infrastrukturu, həm də Türkiyənin ani ödəniş sistemi üzərindən əməliyyatların həyata keçirilməsinə imkan yarada bilər.
Onun sözlərinə görə, QR-kod texnologiyasının üstünlüklərindən biri müxtəlif cihaz və ödəniş infrastrukturlarını vahid yanaşma çərçivəsində birləşdirmək potensialıdır. NFC texnologiyasında cihazların uyğunluğu əhəmiyyət daşıdığı halda, QR-kod fərqli texnoloji imkanlara malik istifadəçilər üçün ortaq həll rolunu oynaya bilər.
TROY rəsmisi vurğulayıb ki, kart ödənişlərindən ani ödənişlərə keçid yalnız texnologiyadan asılı deyil. Bu prosesə vəsaitin maliyyələşdirilməsi xərcləri, istifadəçilərin ödəniş vərdişləri və müxtəlif sektorlarda debet kartlarından istifadə səviyyəsi də təsir göstərir.
C.Değirmencinin fikrincə, yeni ödəniş modellərinin inkişafı zamanı əsas məsələ yalnız texnologiyaların tətbiqi deyil, həm də bütün ödəniş ekosisteminin koordinasiyalı fəaliyyətinin təmin edilməsidir. Bu yanaşma banklar, fintex şirkətləri, ticarət obyektləri və istifadəçilər üçün daha səmərəli, təhlükəsiz və əlçatan ödəniş mühitinin formalaşmasına imkan yarada bilər.
