Bakı. Trend:
Azərbaycanda ödənişli yollarda ödəniş prosesinin avtomatlaşdırılması və yeni texnoloji həllərin tətbiqi istiqamətində işlər aparılır. Gələcəkdə nömrə tanıma texnologiyasından istifadə etməklə ödənişlərin həyata keçirilməsi də nəzərdən keçirilən yeniliklər sırasındadır.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu “Azericard” şirkətinin baş direktorunun müavini Zakir Əhmədov çərşənbə axşamı “Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı”nda deyib.
Onun sözlərinə görə, şirkət ödəniş proseslərini daha rahat və sürətli etmək üçün müxtəlif avtomatlaşdırılmış həllər üzərində işləyir.
"Hazırda ödənişli yollarda avtomobillərin dövlət qeydiyyat nişanlarının kameralar vasitəsilə tanınması və ödənişin avtomatik həyata keçirilməsi mexanizmi təkmilləşdirilir. Ödənişli yollarda kamera avtomobilin nömrəsini tanıyır və müştəri yaxınlaşdıqda avtomobil dayanmadan yol açılır, ödəniş isə avtomatik həyata keçirilir. Belə bir mexanizmin hazırlanması üzərində çalışırıq", – deyə Z.Əhmədov bildirib.
O qeyd edib ki, “Azericard”ın inkişaf etdirdiyi “Tez ödə” həllinin əsas məqsədi müştəriləri ödəniş zamanı əlavə əməliyyatlar aparmaq zərurətindən azad etməkdir. Bu yanaşma parkinq, yanacaqdoldurma məntəqələri və digər xidmət sahələrində də tətbiq olunur.
Z.Əhmədovun sözlərinə görə, avtomatik ödəniş texnologiyalarının tətbiqinə 2019-cu ildə Heydər Əliyev Beynəlxalq Aeroportunun parkinqində başlanılıb: "Sistemdə avtomobilin dövlət qeydiyyat nişanı kamera vasitəsilə tanınır və həmin nömrə ilə əlaqələndirilmiş bank kartından ödəniş tutulur. Beləliklə, sürücü parkinqdən çıxarkən ayrıca ödəniş etməli olmur.
Şirkətin üzərində işlədiyi digər yeniliklərdən biri də üz tanıma texnologiyası vasitəsilə ödənişlərin həyata keçirilməsidir. Bu həll “SİMA” ilə əməkdaşlıq çərçivəsində hazırlanır və hələlik ictimaiyyətə tam təqdim edilməyib".
“Ən son yeniliklərdən biri üz tanıma vasitəsilə ödənişdir. Müştəri alış-veriş etdikdə kamera onun üzünü tanıyır, simaya bağlı FİN ötürülür və həmin FİN-ə bağlı bank kartından ödəniş həyata keçirilir. Beləliklə, müştəri telefonunu və ya bank kartını çıxarmadan ödənişini tamamlaya bilir”, – deyə o bildirib.
Baş direktorun müavini əlavə edib ki, “Azericard” mağazaların loyallıq kartları vasitəsilə ödəniş imkanları üzərində də işləyir: "Bu texnologiya müştərilərə alış-veriş zamanı ayrıca bank kartı təqdim etmədən, loyallıq kartına bağlı bank kartı ilə ödəniş etmək imkanı yarada bilər.
O, həmçinin “ASAN xidmət” mərkəzlərində və yanacaqdoldurma məntəqələrində ödəniş proseslərinin sadələşdirilməsi üçün müxtəlif texnoloji həllərdən istifadə olunduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, “Azericard” 1997-ci ildən Azərbaycanda fəaliyyət göstərən prosessinq mərkəzidir. Şirkət hazırda 15 bank və fintex təşkilatına xidmət göstərir. Z.Əhmədovun təqdim etdiyi məlumatlara əsasən, ötən il şirkət təxminən 1,5 milyard əməliyyat emal edib. Əməliyyatların ümumi məbləği isə təxminən 120 milyard təşkil edib.
