Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi “Bir millət, iki dövlət” prinsipi Azərbaycan–Türkiyə münasibətlərinin mənəvi və siyasi təməlini təşkil edir. Lakin bu tarixi ifadənin mahiyyətinin təhrif edilməsinə yol vermək olmaz.
Bu barədə Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri tərəfindən Azərbaycanla bağlı səsləndirilmiş fikirlərinə münasibətində qeyd edilib.
Qeyd olunub ki, burada söhbət məhz bir millətdən və iki müstəqil dövlətdən gedir.
"Bu prinsip heç bir halda bir dövlətin digərinin daxili işlərinə müdaxilə etməsinə, öz siyasi və ideoloji yanaşmalarını digərinə qəbul etdirməsinə əsas vermir".
Partiyanın açıqlamasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsiyyətinə qarşı ayrı-ayrı informasiya resurslarında səsləndirilən təhqir, böhtan və iftira xarakterli fikirlərin də Azərbaycan ictimaiyyətində haqlı hiddət doğurduğu da əlavə edilib.
Xatırladaq ki, Oktay Saral sosial media səhifəsində Azərbaycandakı vahid geyim forması ilə bağlı qərarla bağlı qərəzli paylaşım etmişdi.
