Bakı.Trend:
ABŞ-nin Energetika naziri Kris Rayt enerji sistemində kritik yüklənmələr ərəfəsində Orta Atlantik regionunun elektrik şəbəkəsinin etibarlılığını təmin etmək məqsədilə təcili sərəncam verib.
Bu barədə ABŞ Energetika Nazirliyinin saytında məlumat verilib.
Sərəncam 2026-cı il oktyabrın 13-dən 16-dək qüvvədə olacaq. Tədbir payız mövsümündə planlı texniki xidmət işləri çərçivəsində elektrik enerjisi istehsal edən güclərin müvəqqəti dayandırılması və elektrik ötürücü xətlərin planlı şəkildə istismardan çıxarılması fonunda qəbul edilib.
"PJM Interconnection, L.L.C." (PJM) şirkətinə enerji sisteminin etibarlılığını qorumaq üçün zərurət yarandıqda müəyyən enerji bloklarını işə salmaq, habelə son əlac kimi ehtiyat generasiya güclərindən istifadə etmək tapşırılıb. Bu tədbirlər enerji sistemində fövqəladə vəziyyət rejimi elan edilməzdən əvvəl də, həmin rejim qüvvədə olduğu müddətdə də həyata keçirilə bilər.
Kris Rayt bildirib ki, sərəncam ehtiyac yarandıqda ehtiyat güclər də daxil olmaqla əlavə generasiya imkanlarından istifadə etməklə Orta Atlantik regionunda milyonlarla amerikalı ailənin və müəssisənin münasib qiymətə, etibarlı və təhlükəsiz elektrik enerjisi ilə təmin olunmasına kömək edəcək.
