Bakı.Trend:
Azərbaycanda məktəbli geyimləri ilə bağlı tələblərin icrasına nəzarətin gücləndirilməsi ətrafında yaranan müzakirələr bir daha dünyəvi təhsil prinsipinin əhəmiyyətini gündəmə gətirib. Məktəblərdə vahid geyim qaydalarının tətbiqi yalnız xarici görünüşlə bağlı məsələ deyil, həm də təhsil mühitində bərabərliyin, nizam-intizamın və ümumi qaydalara hörmətin qorunması baxımından əhəmiyyət daşıyır. Bu məsələnin dini qarşıdurma müstəvisinə çəkilməsi isə cəmiyyətdə süni gərginlik yaratmaqla yanaşı, uşaqların ideoloji mübarizənin iştirakçısına çevrilməsi riskini də artırır.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
O bildirib ki, Baş nazir Əli Əsədovun Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında imzaladığı qərar bu kontekstdə diqqət çəkir.
"Dəyişikliklərə əsasən, müəyyən edilmiş geyim formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilmir. Valideynlərə isə övladlarının müəyyən edilmiş geyim tələblərinə riayət etməsini təmin etmək öhdəliyi qoyulur.
Bu müddəaların mahiyyəti təhsil müəssisələrində vahid yanaşmanın qorunmasıdır. Məktəb uşaqların dini, sosial və iqtisadi mənsubiyyətindən asılı olmayaraq eyni təhsil imkanlarından yararlanmalı olduğu məkandır. Vahid geyim forması da bu mühitdə şagirdlər arasında zahiri fərqlərin və sosial ayrı-seçkilik təəssüratının azalmasına xidmət edən vasitələrdən biridir. Buna görə də məktəbli forması ilə bağlı qaydaların icrasını avtomatik olaraq hər hansı dinə və ya dini inanclara qarşı yönəlmiş addım kimi təqdim etmək məsələnin mahiyyətini təhrif edir", - deyə A.Qarayev qeyd edib.
Politoloq əlavə edib ki, Azərbaycanın dünyəvi dövlət olması dini dəyərlərin cəmiyyətdə inkar edilməsi anlamına gəlmir.
"Əksinə, dünyəvilik dövlət idarəçiliyinin və ictimai institutların dini təsirlərdən müstəqilliyini, müxtəlif inanclara malik insanların hüquqlarının qorunmasını nəzərdə tutur. Məktəb də bu prinsipin tətbiq olunduğu əsas ictimai məkanlardan biridir.
İslam dini Azərbaycanın tarixi və mədəni həyatında mühüm yer tutur. Ölkədə məscidlərin tikilməsi, bərpası və dini-mədəni irsin qorunması istiqamətində görülən işlər də dini dəyərlərə münasibətin yalnız ayrı-ayrı mübahisələr üzərindən qiymətləndirilməsinin düzgün olmadığını göstərir. Prezident İlham Əliyevin tapşırıq və təşəbbüsləri ilə Azərbaycanda yeni məscidlər tikilib, mövcud ibadət məkanları bərpa olunub və yenidən qurulub, dini-mədəni irsin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Dövlətin dini irsə münasibəti ilə ümumi təhsil müəssisələrində tətbiq edilən geyim qaydaları fərqli məsələlərdir və bunları bir-birinə qarşı qoymaq cəmiyyətdə yanlış təsəvvürlərin yaranmasına səbəb ola bilər.
Məsələnin daha həssas tərəfi uşaqların böyüklərin ideoloji mübarizəsinə cəlb edilməsidir. Məktəb yaşında olan uşaqların sosial və siyasi hadisələri müstəqil şəkildə təhlil etmək imkanları məhdud ola bilər. Bu səbəbdən onların dini şüarlar, emosional çağırışlar və qarşıdurma yaradan təbliğat vasitəsilə müəyyən mövqeyə yönləndirilməsi xüsusi narahatlıq doğurur. Məktəblərə hücum, təhdid, zorakılıq və ya uşaqların təhlükəsizliyini riskə atan davranışlar heç bir dini və ya ideoloji mövqe ilə əsaslandırıla bilməz", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, məktəbli geyimi ətrafında baş verən konkret insidentlər də məhz bu baxımdan araşdırılmalıdır.
"Baş verən hadisələrdə diqqət çəkən məqamlardan biri də dini həssaslıqlardan istifadə etməklə cəmiyyətdə qarşıdurma yaratmaq cəhdləridir. Xarici qüvvələrin təsiri ilə radikal qrupların bu cür proseslərdə iştirakı, ictimai sabitliyi pozmağa və təhsil müəssisələrinə zərər vurmağa yönəlmiş fəaliyyətləri ciddi narahatlıq doğurur. Məktəblərin hədəfə alınması və təhsil mühitində gərginlik yaradılması heç bir dini və ya ideoloji mövqe ilə əsaslandırıla bilməz.
Digər tərəfdən, belə qarşıdurmalarda uşaqların dini şüarlar və emosional çağırışlar vasitəsilə proseslərə cəlb edilməsi xüsusilə təhlükəlidir. Radikal meyilli şəxslərin uşaqların dini hisslərindən və həssaslığından istifadə edərək onları öz məqsədlərinə alət etməsi həm onların təhlükəsizliyinə, həm də gələcək dünyagörüşünə zərər vura bilər. Dini dəyərlərin siyasi və ya geosiyasi məqsədlər üçün alətə çevrilməsi dinin özünə də zərər vurur.
Dünyəvi təhsil sisteminin əsas məqsədlərindən biri uşaqların fərqli baxışlara hörmət etməyi, qanunlara riayət etməyi və ictimai qaydalar çərçivəsində yaşamağı öyrənməsidir.
Nəticə etibarilə, məktəbli forması ilə bağlı müzakirələr dini qarşıdurma yaratmaq üçün deyil, dünyəvi təhsil prinsipinin mahiyyətini izah etmək və cəmiyyətdə hüquq mədəniyyətini gücləndirmək üçün fürsətə çevrilməlidir. Azərbaycanın dini və mədəni müxtəlifliyinə hörmətlə yanaşmaqla yanaşı, məktəblərdə vahid qaydaların qorunması da dövlətin və cəmiyyətin ortaq maraqlarına xidmət edir. Ən əsası isə uşaqlar böyüklərin siyasi və ideoloji mübarizəsinin iştirakçısına deyil, təhlükəsiz təhsil mühitində yetişən, sərbəst düşünən və gələcəyini özü müəyyənləşdirən vətəndaşlara çevrilməlidirlər", - deyə o bildirib.
