Azərbaycanda bank sektorunun depozit portfelinin dollarlaşması 34%-ə düşüb

İqtisadiyyat Xəbər 13 Oktyabr 2026 18:20 (UTC +04:00)
Azərbaycanda bank sektorunun depozit portfelinin dollarlaşması 34%-ə düşüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin birinci yarısında Azərbaycanda bank sektorunun depozit portfelinin dollarlaşma səviyyəsi 1,6 faiz bəndi azalaraq 34 faiz təşkil edib. Kredit portfelinin dollarlaşması isə 1,4 faiz bəndi artaraq 15,6 faizə yüksəlib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı “Maliyyə Sabitliyi Hesabatı”nda bildirilib.

Hesabata əsasən, depozit və kredit portfellərində dollarlaşma göstəriciləri dəyişsə də, hər iki göstərici tarixi minimumlara yaxın səviyyədə qalır.

Bununla yanaşı, bank sektorunun valyuta mövqeyi prudensial tələblərə uyğundur. 2026-cı ilin birinci yarısında bank sisteminin uzun açıq valyuta mövqeyi 260 milyon manat, açıq valyuta mövqeyinin məcmu kapitala nisbəti isə 3,7 faiz təşkil edib.

Mövcud qaydalara əsasən, sərbəst dönərli valyutalar üzrə məcmu açıq valyuta mövqeyinin bankın məcmu kapitalına nisbəti üçün maksimum limit mənfi 20 faizdən müsbət 20 faizədək, ayrı-ayrı valyutalar üzrə isə mənfi 10 faizdən müsbət 10 faizədək müəyyən edilib.

Hesabatda xarici valyutada istehlak kreditlərinin verilməsi ilə bağlı tələblərə də diqqət çəkilib.
AMB-nin qüvvədə olan tənzimləyici çərçivəsinə əsasən, xarici valyutada istehlak kreditləri yalnız borcalanın həmin valyutada gəliri olduğu halda verilə bilər.

Xarici valyutada gəliri olmayan şəxslərə belə kreditlərin verilməsinə isə müəyyən şərtlərlə icazə verilir. Bu halda kredit eyni bankda yerləşdirilmiş xarici valyutada depozitlərlə və ya digər birinci qrup təminatlarla təmin edilməlidir. Təminatın dəyəri kredit məbləğinin 90 faizini keçməməlidir.

Bundan əlavə, xarici valyutada gəliri olmayan və ya valyuta riskini başqa üsulla hedcinq etməyən borcalanlara verilən biznes kreditləri üzrə banklara əlavə riskə uyğunlaşdırılmış aktivlərə (RÜÖA) dair tələb tətbiq olunur. Bu tələb həmin kreditlərdən irəli gələn risklərin bankların kapital resursları hesabına qarşılanması imkanlarını artırmağa xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti