BOKT-ların maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadır - Mərkəzi Bank

İqtisadiyyat Xəbər 13 Oktyabr 2026 18:25 (UTC +04:00)
BOKT-ların maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadır - Mərkəzi Bank
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər


Bakı. Trend:

2026-cı ilin birinci yarısında Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) aktivləri 23 faiz artaraq 1,53 milyard manata çatıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı “Maliyyə Sabitliyi Hesabatı”nda bildirilib.

Hesabat dövründə ölkədə fəaliyyət göstərən BOKT-ların sayı 52, kredit ittifaqlarının sayı isə 35 olub. Beləliklə, qeyri-bank kredit təşkilatlarının ümumi sayı 87-yə çatıb. BOKT-ların maliyyə sisteminin aktivlərindəki payı 2,4 faiz təşkil edib. İlk altı ayda iki BOKT-un lisenziyası ləğv edilib.

Hazırda fəaliyyət göstərən BOKT-ların 14-ü xarici kapitallıdır. Onlardan 11-də xarici kapitalın payı 50 faizdən çoxdur. İl ərzində sektorda çalışanların sayı 733 nəfər artaraq 4 426 nəfərə yüksəlib.

Hesabat dövründə BOKT-ların xalis kredit portfeli 23 faiz və ya 213 milyon manat artıb. Təşkilatların ümumi öhdəlikləri isə 23,5 faiz və ya 159,4 milyon manat artaraq 838,7 milyon manata çatıb. Öhdəliklərin artmasına təsir edən əsas amillərdən biri rezident maliyyə institutlarından cəlb edilən vəsaitlər olub.

2026-cı ilin ilk yarısında BOKT-ların ümumi kredit portfeli 26 faiz və ya 272 milyon manat artaraq 1,3 milyard manat təşkil edib. Kredit portfelində əsas pay istehlak kreditlərinin payına düşüb. Belə ki, istehlak kreditləri 40 faiz və ya 292 milyon manat artaraq 1,02 milyard manata çatıb.

Bunun əksinə olaraq, ipoteka kreditləri 5,4 faiz və ya 2,7 milyon manat, biznes kreditləri isə 6,5 faiz və ya 17,4 milyon manat azalıb. Dövrün sonuna kredit portfelinin 77,5 faizini istehlak, 18,8 faizini biznes, 3,6 faizini isə ipoteka kreditləri təşkil edib.

Biznes kreditləri portfelində ən böyük pay ticarət sahəsinə məxsus olub. Bu sahəyə verilən kreditlər 84 milyon manat olmaqla portfelin 33,9 faizini təşkil edib. Kənd təsərrüfatının payı 22,5 faiz və ya 56 milyon manat, digər qeyri-istehsal və xidmət sahələrinin payı 20,4 faiz və ya 51 milyon manat, nəqliyyat sahəsinin payı isə 18,5 faiz və ya 46 milyon manat olub. Digər sahələrə verilən kreditlərin həcmi 12 milyon manat təşkil edib.

Hesabatda qeyd olunub ki, 2026-cı ilin ilk yarısında BOKT sektorunda qeyri-işlək kreditlərin həcmi ötən ilin sonu ilə müqayisədə 46 faiz artaraq 158,6 milyon manata çatıb. Qeyri-işlək kreditlərin ümumi kredit portfelindəki payı 1,7 faiz bəndi yüksələrək 12 faiz olub. İstehlak kreditləri üzrə qeyri-işlək kreditlərin əmsalı 0,5 faiz bəndi artaraq 13,2 faizə, biznes kreditləri üzrə isə 3,6 faiz bəndi yüksələrək 9,7 faizə çatıb.

BOKT sektorunun maliyyə nəticələri də yaxşılaşıb. 2026-cı ilin birinci yarısında sektorun xalis mənfəəti 121,1 milyon manat təşkil edib. Halbuki ötən ilin müvafiq dövründə 13,2 milyon manat xalis zərər qeydə alınmışdı. Mənfəətin artımına faiz və qeyri-faiz gəlirlərinin yüksəlməsi, eləcə də qeyri-faiz xərclərinin azalması təsir göstərib.
Dövr ərzində sektor üzrə aktivlərin gəlirliliyi (ROA) 17,5 faiz, kapitalın gəlirliliyi (ROE) isə 38,6 faiz olub.

Eyni zamanda, BOKT-ların balans kapitalı altı ay ərzində 22 faiz və ya 125,3 milyon manat artaraq 690 milyon manata çatıb. Bölüşdürülməmiş mənfəətin 79 milyon manat, nizamnamə kapitalının isə 48 milyon manat artması sektorun kapitallaşmasının yüksəlməsinə töhfə verib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti