Bakı. Trend:
Azərbaycanda kredit kartları üzrə limitlərin borcalanın xalis gəlirinin maksimum beş misli ilə məhdudlaşdırılması nəticəsində istifadə olunmamış kredit vəsaitlərinin həcmi 172 milyon manat azalıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı “Maliyyə Sabitliyi Hesabatı”nda bildirilib.
Hesabata əsasən, izafi borclanmanın qarşısının alınması məqsədilə tətbiq edilən tənzimləyici tədbir çərçivəsində borcalanın kredit kartı limiti vergilər çıxıldıqdan sonra əldə etdiyi xalis gəlirin maksimum beş misli ilə məhdudlaşdırılıb. Nəticədə, ötən ilin müvafiq dövrü ilə müqayisədə kredit kartlarının istifadə olunmuş hissəsi 179 milyon manat, istifadə olunmamış hissəsi isə 172 milyon manat azalıb.
Bununla yanaşı, son bir ildə Azərbaycanda kredit kartlarının sayı 3,5 faiz və ya 74 min ədəd azalıb.
AMB qeyd edib ki, kredit kartlarının sayının və istifadə olunmamış kredit limitlərinin azalması əhalinin izafi borclanmasının qarşısının alınmasına və məsuliyyətli kreditləşmənin təşviqinə xidmət edir.
Hesabatda vurğulanıb ki, Mərkəzi Bank istehlak kreditləşməsinin dinamikasını və əhalinin borclanma səviyyəsini diqqətdə saxlayır, bu sahədə tənzimləyici çərçivənin təkmilləşdirilməsi istiqamətində tədbirləri davam etdirir.
Qeyd edək ki, 2026-cı ilin birinci yarısında Azərbaycanda bank sektorunun kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8 faiz artaraq 31,8 milyard manata çatıb. İstehlak kreditləri üzrə illik artım tempi isə 11,5 faiz təşkil edib.
