Bakı. Trend:
2026-cı ilin birinci yarısında Azərbaycanda tikinti sektoru üzrə real ümumi daxili məhsul (ÜDM) ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz azalıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı “Maliyyə Sabitliyi Hesabatı”nda bildirilib.
Hesabatda qeyd olunub ki, tikinti sektorunda iqtisadi aktivliyin azalması dövlət büdcəsinin əsaslı xərclərinin aşağı düşməsi fonunda baş verib. Dövr ərzində tikinti sektorunun ümumi ÜDM-də payı 1 faiz bəndi azalaraq 4,9 faizə enib.
2026-cı ilin birinci yarısında tikinti müəssisələrində çalışan muzdlu işçilərin sayı ötən ilin sonu ilə müqayisədə 1,1 faiz azalaraq 118,1 min nəfər təşkil edib.
Hesabat dövründə Azərbaycanda bütün maliyyə mənbələri hesabına əsas kapitala 9,3 milyard manat investisiya yönəldilib. Bu vəsaitin 1,9 milyard manatı tikinti sektoruna sərf olunub.
Tikinti sektorunda əsas kapitala yönəldilən investisiyaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artsa da, yaşayış evlərinin tikintisinə yatırılan vəsait 2,7 faiz azalıb.
Mənzil bazarında da qiymət artımının dinamikasında müəyyən dəyişikliklər müşahidə olunub. Belə ki, 2026-cı ilin birinci yarısında mənzil qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz artıb.
İlkin mənzil bazarında qiymətlər illik müqayisədə 12,7 faiz, təkrar mənzil bazarında isə 8,3 faiz yüksəlib. Hesabatda bildirilib ki, ilkin bazarda qiymət artımının tempi sabit qalsa da, təkrar mənzil bazarında artımın sürətində müəyyən səngimə qeydə alınıb.
