Azərbaycanda müddətli əmanətlərin həcmi 11,3 milyard manata çatıb

İqtisadiyyat Xəbər 13 Oktyabr 2026 18:00 (UTC +04:00)
Azərbaycanda müddətli əmanətlərin həcmi 11,3 milyard manata çatıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda fiziki şəxslərin müddətli depozitlərinin həcmi 2026-cı ilin birinci yarısında 9,9 faiz artaraq 11,3 milyard manata çatıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı “Maliyyə Sabitliyi Hesabatı”nda bildirilib.

Hesabatda qeyd olunub ki, müddətli əmanətlərin artımı bank sektorunun dayanıqlı maliyyələşmə mənbələrinin möhkəmlənməsinə və uzunmüddətli maliyyələşmənin təmin olunmasına töhfə verir. Hesabat dövründə fiziki şəxslərin tələbli depozitləri də 1,2 faiz artaraq 6,1 milyard manat təşkil edib.

AMB-nin məlumatına görə, bank sektoruna inamın artması, yeni monetar və makroprudensial siyasət çərçivələrinin tətbiqi, eləcə də rəqəmsallaşmanın genişlənməsi fonunda müddətli depozit portfeli üzrə unikal əmanətçilərin sayı da yüksəlib. Belə ki, onların sayı 2025-ci ilin sonu ilə müqayisədə 13,7 faiz artaraq 220,6 min nəfəri ötüb.

Hesabatda əmanətlərin sığortalanması ilə bağlı yeni metodologiyaya da toxunulub. Bildirilib ki, 2026-cı ilin əvvəlindən tətbiqinə başlanılan yeni yanaşma milli valyutada bütün əmanətlər üçün vahid 12 faizlik faiz həddindən 9 aydan 3 ilədək müddətə yerləşdirilən fərdi əmanətlər üzrə sektorun orta faiz dərəcəsinə 2 faiz bəndinin əlavə edilməsi prinsipinə keçidi nəzərdə tutur.

Yeni metodologiyaya əsasən, AMB son altı ay ərzində cəlb edilmiş müvafiq müddətli əmanətləri təhlil edərək sektor üzrə orta faiz dərəcəsini ildə iki dəfə hesablayır və nəticələri Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) təqdim edir. ƏSF-nin Himayəçilik Şurası isə orta faiz dərəcəsinin dinamikasını nəzərə alaraq qorunan əmanətlər üzrə maksimal faiz həddinin saxlanılması və ya dəyişdirilməsi barədə qərar qəbul edir.

Xarici valyutada olan əmanətlər üzrə mövcud yanaşma dəyişməz qalır. Belə əmanətlərin sığortalanması üçün maksimal faiz dərəcəsi illik 2,5 faiz səviyyəsində saxlanılır.

AMB qeyd edib ki, 2026-cı ildə yeni metodologiya əsasında depozit faizlərinin sektor üzrə orta göstəriciləri artıq iki dəfə hesablanıb. Hesablamaların nəticələri qorunan əmanətlər üzrə maksimal faiz dərəcəsinin dəyişdirilməsini zəruri etməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti