Azərbaycanda fiziki şəxslərin müddətli əmanətlərinin dollarlaşması 28,5%-ə düşüb

İqtisadiyyat Xəbər 13 Oktyabr 2026 18:21 (UTC +04:00)
Azərbaycanda fiziki şəxslərin müddətli əmanətlərinin dollarlaşması 28,5%-ə düşüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin birinci yarısında Azərbaycanda fiziki şəxslərin müddətli depozitləri üzrə dollarlaşma səviyyəsi 2025-ci ilin sonu ilə müqayisədə 2,9 faiz bəndi azalaraq 28,5 faizə, tələbli depozitlər üzrə isə 3,3 faiz bəndi azalaraq 28,3 faizə düşüb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı “Maliyyə Sabitliyi Hesabatı”nda bildirilib.

Hesabata əsasən, hüquqi şəxslərin müddətli depozitləri üzrə dollarlaşma səviyyəsi də 1,8 faiz bəndi azalaraq 55,4 faiz təşkil edib. Bununla yanaşı, hüquqi şəxslərin xarici valyutada olan tələbli depozitlərinin ümumi depozit portfelində payı 0,2 faiz bəndi artaraq 33 faizə yüksəlib.

Hesabat dövründə istehlak və ipoteka kreditləri üzrə dedollarlaşma prosesi davam edib, biznes kreditləri portfelində isə xarici valyutada verilən kreditlərin payı artıb. Kredit portfelinin dollarlaşma səviyyəsinin yüksəlməsinə əsas təsir biznes kreditləri üzrə xarici valyutada verilən kreditlərin payının artması olub.

Belə ki, 2026-cı ilin birinci yarısında biznes kreditlərinin dollarlaşma səviyyəsi 2,6 faiz bəndi artaraq 27,6 faizə çatıb. Hesabatda bildirilib ki, bu artım əsasən fərdi borcalanlara xarici valyutada verilən təminatlı biznes kreditləri hesabına baş verib.

İpoteka kreditləri üzrə isə xarici valyutanın payı aşağı səviyyədə qalıb. AMB-nin normativ xarakterli aktlarına əsasən, ipoteka kreditlərinin yalnız milli valyutada verilməsi tələbi bu portfelin, demək olar ki, tamamilə manatla formalaşmasını şərtləndirib. Hesabat dövründə xarici valyutada olan ipoteka kreditlərinin ümumi ipoteka portfelində payı 0,6 faiz təşkil edib.

İstehlak kreditləri üzrə dollarlaşma səviyyəsi də 0,3 faiz bəndi azalaraq 2 faizə enib.

Hesabatda, həmçinin bank sektorunda aktivlər və öhdəliklər üzrə orta çəkili durasiya göstəricilərində dəyişikliklər qeydə alınıb. 2026-cı ilin birinci yarısında aktivlər üzrə orta çəkili durasiyanın azalması əsasən qiymətli kağızlar portfeli ilə, öhdəliklər üzrə orta çəkili durasiyanın azalması isə depozitlərin orta çəkili durasiyasının aşağı düşməsi ilə əlaqədar olub.

Nəticədə, aktivlər və öhdəliklər üzrə orta çəkili durasiya fərqi 2025-ci ilin sonundakı 0,65 göstəricisindən 0,64-ə enib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti