Bakı. Trend:
2026-cı ilin birinci yarısında Azərbaycanda bank sektorunun məcmu likvidliyin örtülmə əmsalı (LCR) ötən ilin sonu ilə müqayisədə 6 faiz bəndi artaraq 160 faizə çatıb. Milli valyutada bu göstərici isə 11 faiz bəndi artaraq 138 faiz təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı “Maliyyə Sabitliyi Hesabatı”nda bildirilib.
Hesabata əsasən, 2026-cı ilin iyun ayının sonuna həm məcmu, həm də milli valyutada likvidliyin örtülmə əmsalı üzrə bütün bankların göstəriciləri minimum normativ tələbləri üstələyib. Həmin tarixdə məcmu LCR üzrə minimum tələb 100 faiz, milli valyutada isə sistem əhəmiyyətli banklar üçün 80 faiz, digər banklar üçün 70 faiz olub.
2025-ci ilin sonu ilə müqayisədə bank sektorunun yüksək keyfiyyətli likvid aktivləri 13 faiz və ya 1,9 milyard manat artaraq 17 milyard manata çatıb. Sektorun xalis nağd ödənişləri isə 9 faiz və ya 908 milyon manat artaraq 10,6 milyard manat təşkil edib.
Hesabatda qeyd olunub ki, bankların likvidlik göstəricilərindəki artımın əsas səbəbi yüksək keyfiyyətli likvid aktivlərin həcminin yüksəlməsidir. Bu artımın əsas hərəkətverici amilləri overnayt depozitlər və Mərkəzi Bankda repo əməliyyatları çərçivəsində yerləşdirilmiş vəsaitlər olub.
“Banklar LCR-la bağlı yeni requlyativ tələbə artıq uyğunlaşıblar”, - hesabatda bildirilib.
Məlumata görə, AMB 2025-ci il avqustun 1-dən 2027-ci il dekabrın 1-dək mərhələli şəkildə artırılması nəzərdə tutulan milli valyutada likvidliyin örtülmə əmsalı üzrə yeni normativ tələb tətbiq edib. Bu tələb bankların milli valyutada qısamüddətli likvidlik ehtiyaclarını ödəmək qabiliyyətinin artırılmasına, eləcə də maliyyə sisteminin dayanıqlığının gücləndirilməsinə yönəlib.
Yeni tənzimləməyə əsasən, 2025-ci il avqustun 1-dən minimum tələb sistem əhəmiyyətli banklar üçün 50 faiz, digər banklar üçün isə 40 faiz müəyyən edilib. 2027-ci il dekabrın 1-dən etibarən bu göstəricinin bütün banklar üzrə 100 faizə çatdırılması nəzərdə tutulur. 2026-cı il iyunun sonuna minimum tələb sistem əhəmiyyətli banklar üçün 80 faiz, digər banklar üçün isə 70 faiz təşkil edib.
Hesabatda vurğulanıb ki, yeni tələbin əsas məqsədi bankların qısamüddətli likvidlik ehtiyaclarını ödəmək imkanlarını artırmaq, stresli dövrlərdə kifayət qədər yüksək keyfiyyətli likvid aktivlər saxlamasını təmin etmək, likvidlik böhranlarının qarşısını almaq və maliyyə sabitliyini gücləndirməkdir.
Bundan əlavə, bankların həm milli, həm də xarici valyutada yüksək keyfiyyətli likvid aktivlərinin həcmində artım müşahidə olunub. Hesabatda bildirilib ki, likvid vəsaitlərin daha etibarlı idarə edilməsi milli valyutada belə aktivlərin artımını, banklararası overnayt depozitlərin həcminin yüksəlməsi isə xarici valyutada yüksək keyfiyyətli likvid aktivlərin artmasını şərtləndirib.
Qeyd edilib ki, 2025-ci ildə “Banklarda likvidlik risklərinin
idarə edilməsi Qaydası”na edilən dəyişikliklərdən sonra yüksək
keyfiyyətli likvid aktivlərin əhatə dairəsi genişləndirilib.
Dəyişikliklərə əsasən, Mərkəzi Bankda repo əməliyyatları
çərçivəsində yerləşdirilmiş vəsaitlər, AMB-də 30 günədək müddətə
yerləşdirilən depozitlər, eləcə də Mərkəzi Bankda və digər
banklarda yerləşdirilmiş overnayt depozitlər yüksək keyfiyyətli
likvid aktivlər kimi təsnifləşdirilib.
