Bakı. Trend:
2026-cı il iyunun sonuna Azərbaycanda ipoteka kreditləri portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artıb. Artımın əsas hissəsi İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaitləri hesabına verilən kreditlərin payına düşüb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı “Maliyyə Sabitliyi Hesabatı”nda bildirilib.
Hesabat dövründə İKZF hesabına verilən ipoteka kreditlərinin qalığı ötən ilin eyni dövrü ilə müqayisədə 266,5 milyon manat və ya 10,8 faiz artıb. Bankların daxili resursları hesabına verilən ipoteka kreditlərinin qalıq məbləği isə 27,7 milyon manat və ya 1,4 faiz yüksəlib.
Nəticədə, iyunun sonuna ipoteka kreditləri portfelinin 58 faizini İKZF hesabına, 42 faizini isə bankların öz vəsaitləri hesabına verilən kreditlər təşkil edib.
Yeni verilmiş ipoteka kreditləri üzrə orta faiz dərəcəsi illik müqayisədə 0,3 faiz bəndi artaraq 10,72 faizə çatıb. Bankların daxili resursları hesabına verilən ipoteka kreditləri üzrə faiz dərəcəsi 0,39 faiz bəndi artaraq 12,76 faiz olub. İKZF hesabına verilən kreditlər üzrə isə bu göstərici dəyişməyərək 7,04 faiz səviyyəsində qalıb.
Hesabatda qeyd olunub ki, əhalinin sərəncamında qalan gəlirlərinin artım tempi mənzil qiymətlərinin artımını üstələyib. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə mənzil qiymətləri 8,4 faiz, əhalinin sərəncamında qalan gəlirləri isə 10,5 faiz artıb. Beləliklə, 2023-cü ilin sonundan bəri ilk dəfə əhalinin sərəncamında qalan gəlirlərinin illik artım tempi mənzil qiymətlərinin artım tempindən yüksək olub.
AMB-nin qiymətləndirməsinə görə, əhalinin sərəncamında qalan gəlirlərinin artması ipoteka kreditləşməsinin dayanıqlılığına müsbət təsir göstərir. Əlçatanlıq indeksi adambaşına düşən aylıq sərəncamda qalan gəlirin ipoteka krediti üzrə orta aylıq ödənişə nisbətini əks etdirir. Bu göstəricinin 100 faizdən yüksək olması gəlirin aylıq ipoteka ödənişini qarşılamaq üçün kifayət etdiyini, 100 faizdən aşağı olması isə ödənişin sərəncamda qalan gəliri üstələdiyini göstərir.
Hesabatda vurğulanıb ki, son iki ildə əhalinin sərəncamında qalan gəlirlərində müşahidə olunan müsbət dinamika əlçatanlıq indeksinin davamlı artmasına və onun müəyyən edilmiş 100 faizlik həddən yüksək olmasına şərait yaradıb.
Bununla yanaşı, mənzil bazarında kirayə qiymətləri və daşınmaz əmlakın kapitalizasiya müddəti üzrə də dəyişikliklər qeydə alınıb. Açıq mənbələrdən əldə edilən məlumatlara əsasən, iyunun sonunda ölkə üzrə təklif olunan median aylıq kirayə haqqı 917 manat təşkil edib. Bu göstərici daşınmaz əmlakın kapitalizasiya müddətinin 23 il olmasına uyğun gəlib.
Ötən ilin sonu ilə müqayisədə kapitalizasiya müddəti 2,1 il artıb. Hesabatda bu dəyişiklik mənzil qiymətlərinin il ərzində artması, kirayə qiymətlərinin isə nisbətən azalması ilə izah olunub.
