Fələstin və hicab: Azərbaycana qarşı təzyiqin fərqli cəbhələri

Siyasət Xəbər 13 Oktyabr 2026 21:29 (UTC +04:00)
Fələstin və hicab: Azərbaycana qarşı təzyiqin fərqli cəbhələri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ətrafında son dövrlər baş verənlər informasiya hücumları ayrı-ayrı hadisələr kimi qiymətləndirmək getdikcə çətinləşir. Bir müddət ölkəmizin İsraillə münasibətləri Fələstin məsələsi üzərindən hədəfə alınır, Azərbaycanın müsəlman dünyasına münasibəti şübhə altına qoyulur, daha sonra isə məktəblərdə hicab və geyim qaydaları ətrafında müzakirələr başladılır. Müxtəlif mövzular, fərqli arqumentlər, eyni nəticəyə hesablanan ittihamlar: Azərbaycanın daxili və xarici siyasətinə təsir göstərmək cəhdləri.

Yeni Azərbaycan Partiyasının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi deputatlarının açıqlamalarına verdiyi cavab bu mənzərəyə daha aydın baxmağa imkan yaradır. YAP-ın bəyanatında Azərbaycana qarşı informasiya kampaniyasının daha aqressiv, sistemli və açıq böhtan xarakteri aldığı bildirilir. Partiya xüsusilə Türkiyə Prezidentinin baş müşaviri statusunda olan şəxsin və hakim partiyanın deputatlarının bu kampaniyaya qoşulmasını qəbuledilməz hesab edir.

Əsas məsələ təkcə ayrı-ayrı şəxslərin nə deməsi deyil. Sual budur: Azərbaycanla bağlı həssas mövzular niyə davamlı şəkildə siyasi qarşıdurma predmetinə çevrilir? Niyə ölkəmizin suveren qərarları dini və mənəvi dəyərlər üzərindən mühakimə olunur? Və nə üçün bu prosesdə Azərbaycanla Türkiyə arasında münasibətlərə zərər vura biləcək ifadələrdən istifadə edilir?

Fələstin məsələsi: Azərbaycanın mövqeyi kimin üçün yetərli deyil?

Azərbaycanın İsraillə münasibətləri heç kimə sirr deyil. Bakı bu əlaqələri qarşılıqlı maraqlara və dövlətlərarası münasibətlərin prinsiplərinə əsaslandırır. Ancaq bundan Azərbaycanın Fələstin xalqına münasibətinin laqeyd və ya qeyri-prinsipial olduğu nəticəsini çıxarmaq siyasi manipulyasiyadır.
Azərbaycan Fələstin xalqının qanuni hüquqlarını dəstəkləyir, bu ölkəyə humanitar və maliyyə yardımları göstərir. Rəsmi Bakı müstəqil Fələstin dövlətinin yaradılmasını, paytaxtının Şərqi Qüds olmasını və münaqişənin beynəlxalq hüquq əsasında, iki dövlət prinsipi ilə həllini müdafiə edir. Fələstin rəhbərliyi ilə yüksək səviyyəli təmaslar, eləcə də Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinə maliyyə dəstəyi bu siyasətin konkret göstəriciləridir.
YAP-ın bəyanatında da məhz bu faktlar xatırladılır. Partiya Azərbaycanın İsraillə münasibətlərinin məqsədli şəkildə təhrif olunmasını və həmin əlaqələrdən ölkəmizə qarşı siyasi ittihamlar irəli sürülməsi üçün istifadə edilməsini rədd edir.
Bəs Azərbaycanın Fələstin xalqına dəstəyini ifadə etməsinin yeganə yolu İsraillə diplomatik münasibətlərdən imtina etmək, yaxud başqa dövlətlərin siyasi ritorikasını təkrarlamaqdırmı? Azərbaycanın xarici siyasəti hansısa ölkənin gözləntilərinə uyğun gəlmədikdə, bu, həmin ölkənin Azərbaycana qarşı ittihamlar irəli sürməsi üçün əsas yaradırmı?
Bu sualların cavabı aydındır. Azərbaycan Fələstinə dəstəyini öz dövlət siyasəti, beynəlxalq hüquq və milli maraqları əsasında müəyyənləşdirir. Türkiyənin, başqa müsəlman ölkələrinin və ya istənilən xarici siyasi mərkəzin Azərbaycandan fərqli ritorika seçməsi ölkəmizin müstəqil mövqeyini dəyişdirmir.
Fələstin xalqına dəstək bir ölkənin digər suveren dövlətin xarici siyasətinə müdaxilə etməsinə əsas verə bilməz. Həmrəylik qarşılıqlı hörmət deməkdir, siyasi itaət deyil.

Hicab məsələsi: dini həssaslıq siyasi təzyiq vasitəsinə çevrilməməlidi

Fələstin mövzusundan sonra məktəblərdə hicab və geyim qaydalarının müzakirəyə çıxarılması da diqqət çəkir. Bu dəfə müzakirənin mərkəzində Azərbaycanın dünyəvi dövlət modeli, təhsil siyasəti və dini etiqad azadlığı dayanır.
Məktəbli geyimi ilə bağlı qaydalar Azərbaycanın daxili hüquqi və inzibati məsələsidir. Bu qaydaların necə müəyyənləşdirilməsi, tətbiqi və ictimai müzakirəsi ölkənin öz hüquqi sistemi çərçivəsində həyata keçirilməlidir. Xarici dövlətlərin rəsmiləri və siyasi partiyaların nümayəndələri Azərbaycan cəmiyyətində müzakirə aparmaq əvəzinə, ölkəmizə ultimativ tonda müraciət etməyi özlərinə haqq bilməməlidirlər.
Azərbaycan dünyəvi dövlətdir. Ölkədə müxtəlif dinlərin və millətlərin nümayəndələri yaşayır, dini etiqad azadlığı Konstitusiya ilə qorunur. Multikulturalizm ölkəmizin ictimai həyatının mühüm xüsusiyyətidir. Lakin dini müxtəlifliyə hörmətlə yanaşmaq dövlətin təhsil sahəsində vahid qaydalar müəyyən etmək hüququndan imtina etməsi demək deyil.
Eyni zamanda, uşaqların təhsil hüququ, qızların bərabər imkanları və məktəblərdə heç bir şagirdin dini və ya ideoloji təzyiq altında qalmaması da diqqətdə saxlanılmalıdır. Məktəbli geyimi məsələsini dini qarşıdurmaya çevirmək əvəzinə, müzakirəni hüquqi çərçivədə aparmaq lazımdır.
Burada Türkiyənin siyasi dairələrinin mövqeyi ilə bağlı ayrıca sual yaranır. Türkiyənin özündə də dini və dünyəvi dəyərlərin ictimai-siyasi müzakirələrdə yeri barədə fikir ayrılıqları mövcuddur. Belə bir şəraitdə Azərbaycanla bağlı həssas dini mövzuların siyasi ittiham və təzyiq vasitəsinə çevrilməsi nə Türkiyə-Azərbaycan münasibətlərinə, nə də müsəlman dünyasının həmrəyliyinə xidmət edir.
YAP-ın bəyanatında da bu məqam xüsusi vurğulanır: baş örtüyü kimi həssas məsələlərdən siyasi manipulyasiya və bölücülük vasitəsi kimi istifadə olunması qəbuledilməzdir.

Ayrı-ayrı hadisələr, yoxsa davamlı təzyiq metodu?

Fələstin məsələsi ətrafında ittihamlar, İsraillə münasibətlərə görə Azərbaycanın mühakimə olunması, ardınca məktəbli geyimi və hicab mövzusunun siyasi müstəviyə keçirilməsi bir-birindən fərqli görünə bilər. Ancaq bu mövzuların hər birində ortaq məqam var: Azərbaycanın öz qərarlarını müstəqil qəbul etmək hüququ mübahisə predmetinə çevrilir.

Bütün bunların əvvəlcədən razılaşdırılmış vahid kampaniya olduğunu təsdiqləmək üçün əlavə faktlar tələb olunur. Lakin hadisələrin ardıcıllığı və səsləndirilən ittihamların məzmunu onların Azərbaycana qarşı davamlı siyasi və informasiya təzyiqi kimi qəbul edilməsinə əsas verir. Ən azı bu prosesin nəticəsi ölkəmizin daxili və xarici siyasətinə dair müzakirələrin süni şəkildə gərginləşdirilməsi, ictimai rəyin qütbləşdirilməsi və Azərbaycanla Türkiyə arasındakı münasibətlərin həssas mövzular üzərindən sınağa çəkilməsidir.

Azərbaycanın hansı ölkə ilə münasibətlər quracağı, Fələstin məsələsində hansı diplomatik üsullardan istifadə edəcəyi, İsraillə əlaqələrini necə tənzimləyəcəyi və məktəblərində hansı geyim qaydalarını tətbiq edəcəyi ölkənin öz qərarıdır. Bu məsələlər üzrə mövqeyimizi Türkiyənin, İranın, Qərb ölkələrinin və ya başqa siyasi mərkəzlərin gözləntilərinə uyğunlaşdırmaq məcburiyyətimiz yoxdur.

Azərbaycan müxtəlif ölkələrin daxili işlərinə qarışmamaq prinsipini də müdafiə edir. Türkiyənin daxili siyasi müzakirələri, dini və dünyəvi həyatla bağlı seçimi, eləcə də başqa dövlətlərin öz ictimai münasibətlərini tənzimləməsi həmin ölkələrin suveren hüququdur. Bakı Ankaranın daxili məsələlərinə müdaxilə etmədiyi kimi, Ankaradan da Azərbaycanın daxili qərarlarına eyni hörməti gözləməkdə haqlıdır.

Bu, Türkiyəyə qarşı mövqe deyil. Əksinə, sağlam tərəfdaşlığın zəruri şərtidir. Dostluq bir-birinin hər qərarını bəyənmək demək deyil, razılaşmadığın məsələlərdə belə qarşı tərəfin suveren hüquqlarını tanımaq deməkdir.

Türkiyə qardaşımızdır, himayədarımız deyil

Azərbaycan-Türkiyə münasibətləri tarixi qardaşlıq, ortaq dil, mədəniyyət və strateji maraqlar üzərində qurulub. Bu münasibətlər Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutur. Lakin həmin tarixi yaxınlıqdan siyasi üstünlük iddiası yaratmaq olmaz.

“Bir millət, iki dövlət” prinsipi iki müstəqil dövlətin mövcudluğunu ifadə edir. YAP-ın bəyanatında da bu fikrin mahiyyətinin təhrif edilməsinə yol verilməməli olduğu açıq şəkildə qeyd edilir. Bir dövlətin digərinin daxili işlərinə müdaxilə etməsi və öz siyasi-ideoloji yanaşmalarını ona qəbul etdirməsi bu prinsipin ruhuna ziddir.
Azərbaycan Türkiyə ilə əməkdaşlıqda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən, müqavilələrə və qarşılıqlı razılaşmalara hörmət edən tərəfdaş olub. İki ölkə iqtisadiyyat, enerji, nəqliyyat, müdafiə və digər sahələrdə birgə layihələr həyata keçirib. Bu əməkdaşlığın əsasında qarşılıqlı maraq və bərabərlik dayanır.
Azərbaycanın Türkiyəyə dost münasibəti hansısa mənəvi borc adı altında ölkəmizin müstəqil qərarvermə hüququnun məhdudlaşdırılmasına əsas vermir. Tarixi köklər, minnətdarlıq və qardaşlıq siyasi təsir vasitəsinə çevrilməməlidir.

Türkiyə Azərbaycanın dostu və qardaşıdır. Amma Azərbaycan Türkiyənin kiçik qardaşı kimi siyasi göstərişlər gözləyən ölkə deyil. Azərbaycanın dövləti öz qərarlarını özü verir, öz maraqlarını özü müəyyənləşdirir və öz məsuliyyətini özü daşıyır.

Məhz buna görə də Türkiyənin yüksək vəzifəli şəxslərinin Azərbaycanla bağlı açıqlamaları daha böyük məsuliyyətlə ölçülməlidir. Qardaşlıq münasibətlərini qorumaq istəyən tərəflər ictimaiyyət qarşısında qarşılıqlı etimadı zədələyən bəyanatlardan çəkinməli, fərqli mövqeləri siyasi təzyiqə çevirməməlidirlər.
Azərbaycanın müstəqilliyi müzakirə mövzusu deyil. Fələstin məsələsindəki mövqeyimiz də, İsraillə münasibətlərimiz də, məktəbli geyimi ilə bağlı qərarlarımız da milli maraqlarımız və hüquqi prinsiplərimiz əsasında müəyyənləşdirilir. Heç bir xarici siyasi mərkəz bu seçimləri bizim əvəzimizə edə bilməz.

Qardaşlığın davamlı olması üçün əsas şərt də budur: qarşılıqlı hörmət, bərabərlik və Azərbaycanın suverenliyinin qeyd-şərtsiz tanınması.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti