Türkmənistan və Azərbaycan Xəzər regionunda birgə layihələr üçün geniş imkanlara malikdir – səfir

Siyasət Xəbər 13 Oktyabr 2026 20:15 (UTC +04:00)
Türkmənistan və Azərbaycan Xəzər regionunda birgə layihələr üçün geniş imkanlara malikdir – səfir
Fuad Namazov
Fuad Namazov
Bütün xəbərlər

Bakı. Trend:

Türkmənistan və Azərbaycan Xəzər regionunun geosiyasi üstünlüklərindən istifadə etməyə yönəlmiş birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlara malikdir.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda deyib.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər qardaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanır. İkitərəfli əlaqələr siyasi, ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə ardıcıl şəkildə inkişaf edir.

Q. Elyasov qeyd edib ki, Türkmənistan və Azərbaycan Avropa ilə Asiya arasında yerləşməsi, eləcə də enerji və təbii ehtiyatlara malik olması sayəsində strateji əhəmiyyət daşıyan Xəzər regionunda əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdırlar.

Səfir iki ölkə arasında nəqliyyat-logistika sahəsində qarşılıqlı fəaliyyəti xüsusi vurğulayıb. Onun sözlərinə görə, Türkmənbaşı Beynəlxalq Dəniz Limanının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının modernləşdirilmiş infrastrukturu Asiya ilə Avropa arasında yüklərin daşınması üçün səmərəli marşrutları təmin edir və Xəzər regionunun böyük logistika mərkəzinə çevrilməsinə töhfə verir.

O həmçinin İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın rolunu qeyd edib. Bildirib ki, tərəflər ikitərəfli gündəliyin əsas məsələlərini müntəzəm olaraq müzakirə edirlər.

Siyasi qarşılıqlı fəaliyyətdən danışan səfir qeyd edib ki, Türkmənistan və Azərbaycan beynəlxalq təşkilatlar və strukturlar çərçivəsində bir-birinin təşəbbüslərini dəstəkləyirlər. Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın dövlət başçılarının Məşvərət Görüşləri çərçivəsində də inkişaf edir. 2026-cı ildə Türkmənistan bu görüşlərin genişləndirilmiş formatına sədrlik edir.

Q. Elyasov vurğulayıb ki, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun 2026-cı il iyunun 22-23-də Azərbaycana dövlət səfəri ikitərəfli münasibətlərin gələcək inkişafına mühüm təkan verib. Səfər çərçivəsində əməkdaşlığın müqavilə-hüquq bazasının təkmilləşdirilməsinə yönəlmiş bir sıra sənədlər imzalanıb.

Səfir humanitar əlaqələrin əhəmiyyətini də qeyd edib. Belə ki, ötən ilin oktyabrında Bakı və Gəncədə Türkmənistan Mədəniyyəti Günləri, 2026-cı il iyunun 5-7-də isə Aşqabad və Arkadağ şəhərlərində Azərbaycan Mədəniyyəti Günləri keçirilib.

Onun sözlərinə görə, Arkadağ və Füzuli şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulması da iki ölkə arasında dostluğun möhkəmləndirilməsinə xidmət edir.

Bundan əlavə, Q.Elyasov Türkmənistanda Heydər Əliyev Fondunun və Qurbanqulu Berdiməhəmmədov adına Himayəyə Ehtiyacı Olan Uşaqlara Yardım üzrə Xeyriyyə Fondunun iştirakı ilə təşkil olunan “Ana təbiət” (MAMA) adlı beynəlxalq sərginin açılışının olacağını bildirib.

Xəbər lenti

Xəbər lenti