Bakı. Trend:
Azərbaycanda mənzil bazarında qiymətlər son bir ildə 8,4 faiz artıb. Ölkə üzrə təklif edilən median aylıq kirayə haqqı 917 manat təşkil edib, daşınmaz əmlakın kapitalizasiya müddəti isə 23 ilə yüksəlib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı “Maliyyə Sabitliyi Hesabatı”nda bildirilib.
Hesabata əsasən, ötən ilin sonu ilə müqayisədə daşınmaz əmlakın kapitalizasiya müddəti 2,1 il artıb. Bu dəyişiklik mənzil qiymətlərinin yüksəlməsi fonunda kirayə qiymətlərinin nisbətən azalması ilə izah olunur.
Mənzil bazarında qiymət artımının dinamikasında müəyyən səngimə müşahidə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ilkin mənzil bazarında qiymətlər 12,7 faiz, təkrar mənzil bazarında isə 8,3 faiz artıb. Son bir il ərzində ilkin bazarda qiymət artımının tempi sabit qalsa da, təkrar bazarda artımın müəyyən qədər zəiflədiyi qeyd olunub.
Hesabatda əhalinin gəlirlərinin ipoteka kreditlərinin əlçatanlığına təsiri də qiymətləndirilib. Dünya təcrübəsində geniş istifadə edilən əlçatanlıq indeksi adambaşına düşən aylıq sərəncamda qalan gəlirlərin ipoteka kreditləri üzrə orta aylıq ödənişə nisbəti əsasında hesablanır.
İndeksin 100 faizdən yüksək olması əhalinin sərəncamda qalan gəlirlərinin ipoteka ödənişlərini qarşılamaq üçün kifayət etdiyini, 100 faizdən aşağı olması isə aylıq ipoteka ödənişinin sərəncamda qalan gəliri üstələdiyini göstərir.
AMB-nin məlumatına görə, son iki ildə əhalinin sərəncamda qalan gəlirlərində müşahidə olunan müsbət dinamika əlçatanlıq indeksinin davamlı artmasına və onun benchmark göstəricidən yüksək səviyyədə qalmasına şərait yaradıb. Bu dinamika əhalinin ipoteka kreditlərini ödəmək imkanlarının qorunduğunu göstərir.
