Qarabağda yeni istehsal və xidmət müəssisələrinin yaradılması xüsusi əhəmiyyət daşıyır - Emin Hüseynov

Cəmiyyət Xəbər 14 Oktyabr 2026 09:15 (UTC +04:00)
Qarabağda yeni istehsal və xidmət müəssisələrinin yaradılması xüsusi əhəmiyyət daşıyır - Emin Hüseynov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağda bərpa prosesinin növbəti mərhələsində yeni istehsal və xidmət müəssisələrinin yaradılması, yerli sahibkarlığın dəstəklənməsi, investisiyaların cəlb olunması və davamlı iş yerlərinin açılması xüsusi əhəmiyyət daşıyır.

Trend-in sərgidə iştirak edən müxbirinin xəbərinə görə, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisinin (Rebuild Garabagh) iştirakçılarına müraciətində bildirib.

O qeyd edib ki, “Rebuild Garabagh” sərgisi Qarabağın bərpası və dayanıqlı inkişafı istiqamətində mühüm əməkdaşlıq platformasına çevrilib.

E.Hüseynovun sözlərinə görə, Qarabağ hazırda Azərbaycanın quruculuq iradəsini, iqtisadi inkişaf əzmini və gələcəyə hesablanmış strateji baxışını əks etdirən genişmiqyaslı transformasiya mərhələsini yaşayır.

“Qarşımızda duran əsas məqsəd azad edilmiş ərazilərdə yalnız müasir yaşayış məntəqələri qurmaq deyil, eyni zamanda insanların təhlükəsiz, layiqli və firavan həyat sürməsi üçün bütün zəruri şəraiti yaratmaqdır”, – deyə o bildirib.

Xüsusi nümayəndə vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün möhkəm zəmin yaradıb.

O bildirib ki, Böyük Qayıdışın mərhələli şəkildə davam etdirilməsi, sakinlərin doğma yurdlarına qayıdışı, məşğulluq imkanlarının artırılması və sahibkarlıq fəaliyyətinin təşviqi prosesin əsas prioritetlərindəndir.

E.Hüseynov qeyd edib ki, görülən işlərin uğuru quruculuq tədbirlərinin iqtisadi fəallıq, sosial rifah və uzunmüddətli dayanıqlılıqla uzlaşdırılmasından asılıdır.

Onun sözlərinə görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında həyata keçirilən layihələr Qarabağın yeni iqtisadi və sosial mənzərəsinin formalaşmasına mühüm töhfə verir.

Xüsusi nümayəndə bildirib ki, yaşayış məntəqələrinin yenidən qurulması, nəqliyyat və kommunal infrastrukturun inkişafı, sosial obyektlərin yaradılması insanların gündəlik həyatının bərpasına xidmət edir.

O vurğulayıb ki, növbəti mərhələdə mövcud potensialdan səmərəli istifadə olunması, yeni istehsal və xidmət müəssisələrinin yaradılması, yerli sahibkarlığın dəstəklənməsi, investisiyaların cəlb edilməsi və davamlı iş yerlərinin açılması xüsusi əhəmiyyət daşıyır.

E.Hüseynov “Rebuild Garabagh” sərgisinin bu baxımdan mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, sərgi tikinti, şəhərsalma, infrastruktur və bərpa sahələrində müasir həllərin təqdim olunduğu məkan olmaqla yanaşı, dövlət qurumları, investorlar, tikinti şirkətləri, texnologiya təminatçıları və digər tərəfdaşlar arasında birbaşa dialoq üçün əlverişli imkan yaradır.

“Burada qurulan əlaqələrin konkret layihələrə, innovativ təşəbbüslərə və uzunmüddətli əməkdaşlığa çevrilməsi Qarabağın iqtisadi potensialının daha dolğun reallaşdırılmasına kömək edə bilər”, – deyə o qeyd edib.

Xüsusi nümayəndə sərgi iştirakçıları arasında keçiriləcək görüşlərin yeni tərəfdaşlıqların yaranmasına, qabaqcıl təcrübə və texnologiyaların mübadiləsinə, eləcə də regionun bərpası və inkişafına yönəlmiş təşəbbüslərin genişlənməsinə təkan verəcəyinə inandığını bildirib.

O vurğulayıb ki, Qarabağın gələcəyinin qurulması dövlətin, özəl sektorun və beynəlxalq tərəfdaşların birgə səylərini, məsuliyyətli yanaşmanı və uzunmüddətli baxışı tələb edir.

E.Hüseynov sərginin təşkilinə və ərsəyə gəlməsinə töhfə verən hər kəsə təşəkkürünü bildirib, iştirakçılara səmərəli müzakirələr, məhsuldar görüşlər, yeni ideyalar və uğurlu əməkdaşlıq layihələri arzulayıb.

O, sərginin Qarabağın bərpası və dayanıqlı inkişafı naminə yeni imkanların açılmasına xidmət edəcəyinə əminliyini ifadə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti