Qarabağ və Şərqi Zəngəzur innovativ və yaşıl regionlara çevrilir - Vahid Hacıyev

Cəmiyyət Xəbər 14 Oktyabr 2026 09:30 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzur innovativ və yaşıl regionlara çevrilir - Vahid Hacıyev
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ və Şərqi Zəngəzurun müasir, innovativ, yaşıl və dayanıqlı regionlara çevrilməsi azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinin əsas məqsədlərindəndir.

Trend-in sərgidə iştirak edən müxbirinin xəbərinə görə, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisinin (Rebuild Garabagh) iştirakçılarına müraciətində bildirib.

O qeyd edib ki, “Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən “Rebuild Garabagh” sərgisi ötən illər ərzində ənənəvi xarakter alaraq işğaldan azad edilmiş ərazilərin bərpası və dayanıqlı inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı layihələrin təqdim olunduğu, yeni təşəbbüslərin müzakirə edildiyi, yerli və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın gücləndirildiyi mühüm platformaya çevrilib.

V.Hacıyevin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri yeni mərhələyə qədəm qoyur.

O bildirib ki, azad edilmiş ərazilərdə müasir şəhər və kəndlərin salınması, nəqliyyat və kommunal infrastrukturun yaradılması, iqtisadi fəaliyyətin genişləndirilməsi, məşğulluq imkanlarının artırılması və əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Xüsusi nümayəndə vurğulayıb ki, prosesin məqsədi yalnız dağıdılmış ərazilərin yenidən qurulması deyil, həm də Qarabağ və Şərqi Zəngəzurun gələcəyin müasir, innovativ, yaşıl və dayanıqlı regionlarına çevrilməsidir.

Onun sözlərinə görə, bölgədə formalaşdırılan yeni yaşayış məkanları, yaradılan istehsal və xidmət imkanları, inkişaf etdirilən turizm potensialı və həyata keçirilən investisiya layihələri regionun uzunmüddətli sosial-iqtisadi inkişafı üçün möhkəm təməl yaradır.

V.Hacıyev qeyd edib ki, “Rebuild Garabagh” sərgisi bu prosesdə mühüm rol oynayaraq dövlət qurumlarını, investorları, tikinti və infrastruktur şirkətlərini, texnologiya və innovasiya nümayəndələrini, eləcə də digər biznes tərəfdaşlarını bir araya gətirir.

“Sərgi çərçivəsində qurulan yeni əlaqələrin və əməkdaşlıqların Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin miqyasının və səmərəliliyinin daha da artırılmasına töhfə verəcəyinə inanıram”, – deyə o bildirib.

Xüsusi nümayəndə builki sərginin də yeni ideyaların, investisiya təşəbbüslərinin və uzunmüddətli tərəfdaşlıqların yaranmasına, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının daha geniş şəkildə reallaşdırılmasına xidmət edəcəyinə əminliyini ifadə edib.

V.Hacıyev tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib, sərgi iştirakçılarına uğurlar, səmərəli görüşlər və yeni əməkdaşlıqlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti