Bakı.Trend:
Bu il 20 illiyini qeyd edən ADA Universiteti digər universitetlərlə, o cümlədən mühəndislik elmləri sahəsində əməkdaşlığa açıqdır.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu ADA Universitetinin rektoru, Azərbaycanın ABŞ-dəki keçmiş səfiri Hafiz Paşayev çərşənbə günü İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə IEEE-nin Bakıda keçirilən 20-ci Beynəlxalq Konfransının (AICT 2026) açılış mərasimində deyib.
“Bizim üçün mühəndislik istiqamətlərinə, o cümlədən elektrotexnikaya xüsusi diqqət yetirməyimiz vacibdir. Buna görə də bir çox universitetlərlə əməkdaşlıq əlaqələri qurmalıyıq. İstərdim bu tədbirdə iştirak edənlər bizim əməkdaşlığa və qarşılıqlı fəaliyyətə açıq olduğumuzu nəzərə alsınlar”, – deyə rektor bildirib.
Onun sözlərinə görə, AICT konfransının uzun illərdir keçirilməsi tədbirə tələbatın olduğunu və onun uğurunu göstərir.
Rektor konfrans iştirakçılarını, o cümlədən akademik dairələrin nümayəndələrini, eləcə də Qazaxıstan və Serbiyadan olan alimləri salamlayıb.
Hafiz Paşayev tanınmış alimlərin konfransda iştirakının tələbələr üçün yeni biliklər əldə etmək baxımından əlavə stimul olacağına ümidvar olduğunu bildirib.
Bundan başqa, o, Azərbaycan-İtaliya Universitetinin fəaliyyəti çərçivəsində ADA Universitetinin Turin Politexnik Universiteti ilə əməkdaşlığından danışıb. Rektorun sözlərinə görə, universitetin fəaliyyətə başlamasından beş ildən az vaxt keçib və gələn il ilk tələbə buraxılışı olacaq.
Sonda Hafiz Paşayev konfrans iştirakçılarına Azərbaycanda xoş vaxt keçirməyi arzulayıb, onları Bakını və ADA Universitetini yaxından tanımağa vaxt ayırmağa çağırıb.
Qeyd edək ki, Bakıda ADA Universitetində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə IEEE-nin 20-ci Beynəlxalq Konfransı (AICT2026) keçirilir.
Konfrans Azərbaycanda yeddinci dəfə təşkil olunur və bu il AICT konfransları silsiləsinin 20 illiyinə həsr edilib. Tədbir “20 ildir elmi, texnologiyaları və cəmiyyəti birləşdiririk” şüarı altında keçirilir.
Tədbir ADA Universiteti, IEEE-nin Azərbaycandakı müvafiq bölmələri, Turin Politexnik Universiteti, Corc Vaşinqton Universiteti, Nazarbayev Universiteti, Birləşmiş Ərəb Əmirlikləri Universiteti, Daşkənd İnformasiya Texnologiyaları Universiteti, Qazaxıstan-Britaniya Texniki Universiteti, Tbilisi Dövlət Universiteti, Gürcüstan Texniki Universiteti, SDU Universiteti, Nikola Teslanın adını daşıyan Elektrotexnika İnstitutu və Alessandro Faedonun adını daşıyan İnformasiya Elmi və Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.
Konfransın əsas məqsədi informasiya və kommunikasiya texnologiyaları sahəsində bilik mübadiləsini təşviq etmək, eləcə də sektorun son nailiyyətlərini müzakirə etməkdir. Tədbir tədqiqatçıları, alimləri və sənaye nümayəndələrini bir araya gətirir.
