Bakı. Trend:
Hazırda Laçında 980 ailəni əhatə edən 3669 sakin doğma yurdunda yaşayır və rayonun yenidən dirçələn həyatının fəal iştirakçısına çevrilir.
Trend-in sərgidə iştirak edən müxbirinin xəbərinə görə, bunu Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisinin (Rebuild Garabagh) iştirakçılarına müraciətində bildirib.
O qeyd edib ki, 2026-cı il Azərbaycan üçün şəhərsalma və quruculuq baxımından xüsusi əhəmiyyət daşıyır.
M.Məmmədovun sözlərinə görə, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycanın zəngin memarlıq irsinin qorunması ilə yanaşı, müasir şəhərsalma yanaşmalarının tətbiqinə, innovativ həllərin təşviqinə və dayanıqlı yaşayış mühitinin formalaşdırılmasına verilən yüksək önəmin təzahürüdür.
Xüsusi nümayəndə bildirib ki, ölkədə quruculuq prosesinin geniş miqyas aldığı məkanlardan biri Qarabağ və Şərqi Zəngəzurdur.
O vurğulayıb ki, dövlət başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə müasir şəhər və kəndlər salınır, zəruri infrastruktur yaradılır, tarixi və mədəni irs bərpa olunur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir.
M.Məmmədov qeyd edib ki, doğma torpaqlarda həyatın yenidən canlanması təkcə şəhər və kəndlərin bərpası deyil, həm də Böyük Qayıdışın, yeni inkişaf mərhələsinin və gələcəyə inamın ifadəsidir.
O bildirib ki, bu torpaqlarda görülən hər bir işdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilir.
“Onların qəhrəmanlığı və fədakarlığı sayəsində Qarabağ və Şərqi Zəngəzur bu gün yenidən həyatın, inkişafın və tərəqqinin ünvanına çevrilir”, – deyə xüsusi nümayəndə vurğulayıb.
M.Məmmədov bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq prosesinin mühüm nümunələrindən biri Laçındır.
Onun sözlərinə görə, qısa müddət ərzində Laçın şəhəri və rayonun yaşayış məntəqələri yenidən qurulub, müasir infrastruktur yaradılıb, doğma yurdlarına qayıdan sakinlərlə burada həyat yenidən canlanıb.
Xüsusi nümayəndə qeyd edib ki, Laçında müasir şəhərsalma prinsipləri əsasında yeni yaşayış mühiti formalaşdırılır, iqtisadi fəallıq üçün geniş imkanlar yaradılır, rayonun zəngin təbii, tarixi və mədəni irsi qorunmaqla davamlı inkişafı təmin olunur.
M.Məmmədov “BakuBuild” və “Rebuild Karabakh” sərgilərinin görülən işlərin və texnoloji yeniliklərin nümayişi ilə yanaşı, yeni ideyaların, yaradıcı yanaşmaların və uzunmüddətli tərəfdaşlıqların formalaşdığı səmərəli əməkdaşlıq platforması olacağına inandığını bildirib.
O, 31-ci Azərbaycan Beynəlxalq İnşaat – “BakuBuild” və 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı – “Rebuild Karabakh” sərgilərinin keçirilməsi münasibətilə iştirakçıları salamlayıb, tədbirlərin təşkilatçılarına, iştirakçılarına və tərəfdaşlarına uğurlar, Azərbaycanın davamlı inkişafına töhfə verəcək yeni təşəbbüslər arzulayıb.
