Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda elektron dövlət satınalmaları nəticəsində dövlət büdcəsinin 454 milyon manat vəsaitinə qənaət edilib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə məlumat çərşənbə günü III Milli Rəqabət Forumunda nümayiş etdirilən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin hazırladığı videoçarxda səsləndirilib.
Bildirilib ki, hesabat dövründə keçirilən 5 523 elektron satınalmanın həcmi 2 milyard 703 milyon manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artıb.
Elektron satınalmalar üzrə təchizatçıların orta sayı 3,5, yeni iştirakçıların payı isə 21,12 faiz olub. Kiçik və orta biznes subyektlərinin ümumi satınalmalarda payı 79 faiz təşkil edib.
Dövlət satınalmalarının vahid internet portalında elan olunan satınalmaların şərtlər toplusunun süni intellekt texnologiyaları vasitəsilə avtomatik təhlili və yoxlanılması imkanı da yaradılıb.
Həmçinin təchizatçıların qiymət təkliflərini tam elektron şəkildə təqdim etməsi, təkliflərinə malların markası, modeli, istehsalçısı və mənşə ölkəsi barədə məlumatları əlavə etməsi təmin olunub.
