Azərbaycanda rəqabət xəritəsi hazırlanacaq - Elnur Bağırov

İqtisadiyyat Xəbər 14 Oktyabr 2026 10:44 (UTC +04:00)
Azərbaycanda rəqabət xəritəsi hazırlanacaq - Elnur Bağırov
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ölkə və regionlar üzrə rəqabətin inkişaf səviyyəsini qiymətləndirən göstəricilər sistemi və rəqabət xəritəsinin hazırlanması, həmçinin rəqabət sahəsində tədqiqat mərkəzinin təsis edilməsi nəzərdə tutulur.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov çərşənbə günü Agentliyin təşkilatçılığı ilə keçirilən III Milli Rəqabət Forumunda deyib.

O bildirib ki, bu tədbirlər 11 sentyabr 2026-cı il tarixli Sərəncam ilə təsdiqlənmiş “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nda nəzərdə tutulub.

E.Bağırovun sözlərinə görə, planın əsas məqsədi rəqabət mühitini yaxşılaşdırmaqla özəl investisiyaların artımını stimullaşdırmaq, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi artıma nail olmaqdır.

Agentlik sədri qeyd edib ki, rəqabət mühitinin inkişafını qiymətləndirmək üçün bazarların nə dərəcədə açıq, səmərəli və investisiyalar üçün cəlbedici olduğunu, eləcə də rəqabətin iqtisadi fəaliyyətə real təsirini ölçmək vacibdir.

“Milli Fəaliyyət Planında ölkə və regionlar üzrə rəqabətin inkişaf səviyyəsini qiymətləndirən göstəricilər sisteminin və rəqabət xəritəsinin hazırlanmasının nəzərdə tutulması da məhz rəqabət siyasətini ölçülə bilən nəticələrə və məlumatlara əsaslanan qərarverməyə bağlamağa xidmət edir”, – deyə o vurğulayıb.

E.Bağırov bildirib ki, rəqabət risklərinin qabaqcadan müəyyənləşdirilməsi və əsaslandırılmış qərarların hazırlanması effektiv hüquqi çərçivə ilə yanaşı, güclü elmi-analitik baza və peşəkar bilik tələb edir. Mürəkkəb bazar münasibətlərinə dair qərarlar etibarlı məlumatlara və müasir iqtisadi təhlil metodlarına əsaslanmalıdır.

Bu məqsədlə Milli Fəaliyyət Planında bazarların diaqnostikası üzrə metodologiyanın təkmilləşdirilməsi, rəqabət iqtisadiyyatı və rəqabət hüququ mövzularının ali təhsil proqramlarına inteqrasiyası da nəzərdə tutulur.

Agentlik sədri elmi ictimaiyyətlə əməkdaşlığın gücləndirilməsinin rəqabət siyasətinin keyfiyyətinə və mütəxəssis hazırlığına uzunmüddətli töhfə verəcəyini qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti