Bakı. Trend:
Laos Azərbaycan şirkətləri üçün Asiya, xüsusilə Cənub-Şərqi Asiya bazarlarına çıxış platforması rolunu oynaya bilər. İki ölkə arasında nəqliyyat-logistika əlaqələrinin inkişafı ticarətin asanlaşdırılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Laosun sənaye və ticarət nazirinin müavini Manothong Vongsay çərşənbə günü Bakıda keçirilən Azərbaycan-Laos Biznes Forumunda deyib.
O bildirib ki, forum iki ölkənin işgüzar dairələrinə iqtisadi siyasət, investisiya imkanları və potensial əməkdaşlıq istiqamətləri barədə məlumat mübadiləsi aparmaq, eləcə də uzunmüddətli biznes tərəfdaşlıqları qurmaq üçün əlverişli imkan yaradır:
"Laos və Azərbaycan arasında mövcud dostluq münasibətləri iqtisadi tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün möhkəm zəmin yaradır. Hazırda ikitərəfli investisiya sazişinin razılaşdırılması da daxil olmaqla, iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində işlər aparılır. Belə bir sazişin imzalanması üçün hüquqi bazanın gücləndirilməsinə, investorların etimadının artırılmasına və iki ölkə arasında investisiya axınının sürətləndirilməsinə töhfə verə bilər".
M.Vongsay vurğulayıb ki, Laosun əsas iqtisadi hədəflərindən biri dənizə birbaşa çıxışı olmayan ölkədən regional nəqliyyat və logistika mərkəzinə çevrilmək, bazarlar arasında əlaqələri gücləndirmək və malların, eləcə də insanların hərəkətini asanlaşdırmaqdır: "Bu strategiya Çinin “Bir kəmər, bir yol” təşəbbüsü də daxil olmaqla, regional bağlantı layihələri ilə uzlaşır. Laos-Çin dəmir yolu bu strategiyanın həyata keçirilməsində mühüm rol oynayır. Dəmir yolu Laos və Çin arasında sərnişin və yük daşımalarını təmin etməklə yanaşı, qonşu ölkələrlə və regional bazarlarla əlaqələri də gücləndirir".
Nazir müavini bildirib ki, Laos hökuməti ölkənin daxili
infrastrukturunu və sərhədkeçmə imkanlarını da genişləndirir. Bu
çərçivədə Laosun paytaxtı Vientianı Vyetnamla əlaqələndirəcək dəmir
yolu layihəsinin həyata keçirilməsi qərara alınıb. Vientian-Hanoi
avtomobil yolu layihəsi də Laosun Vyetnamın liman infrastrukturu
ilə əlaqələrinin gücləndirilməsinə xidmət edəcək.
“İnanıram ki, Laos Asiya bazarlarına çıxış axtaran azərbaycanlı
bizneslər üçün mühüm qapı rolunu oynaya bilər. Bakı limanını
regional nəqliyyat şəbəkələri və Laos-Çin dəmir yolu vasitəsilə
Cənub-Şərqi Asiya bazarları ilə əlaqələndirməklə ticarətin
asanlaşdırılması, logistikanın yaxşılaşdırılması və iqtisadi
əməkdaşlığın gücləndirilməsi üçün yeni imkanlar araşdıra bilərik”,
- deyə o bildirib.
M.Vongsay qeyd edib ki, mədənçilik, kənd təsərrüfatı, energetika, nəqliyyat və logistika iki ölkə arasında əməkdaşlıq üçün perspektivli sahələrdir. O, həmçinin kommersiya potensialına və səmərəli layihə strukturuna malik “yaşıl polad” istehsalı layihələrinə investisiyaların təşviqi imkanlarına diqqət çəkib.
Nazir müavini Laosda investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danışıb. O bildirib ki, ölkə hökuməti 2024-cü ildə İnvestisiyaların Təşviqi Qanununa dəyişikliklər edib, 2026-cı ildə isə xarici birbaşa investisiyaların cəlb edilməsini artırmaq məqsədilə hüquqi bazanın təkmilləşdirilməsi, o cümlədən əlavə stimulların tətbiqi imkanlarını nəzərdən keçirir.
Onun sözlərinə görə, Laosda mövcud olan 22 xüsusi iqtisadi zonaya əlavə olaraq, investisiyaların cəlb edilməsi və sənaye inkişafının dəstəklənməsi məqsədilə iki sənaye parkı yaradılıb: "Bu ərazilər istehsal, rəqəmsal texnologiyalar, elmi-tədqiqat və təcrübi-konstruktor işləri, məlumat mərkəzləri və kənd təsərrüfatı məhsullarının emalı kimi sahələrdə investisiya imkanları və stimullar təklif edir.
Hökumət biznes mühitinin yaxşılaşdırılması məqsədilə elektron dövlət xidmətlərini genişləndirir. İdxal rüsumları və vergilər üzrə onlayn ödəniş imkanlarının, eləcə də bank sistemi vasitəsilə xarici valyuta xidmətlərinin inkişaf etdirilməsi biznes əməliyyatlarının sadələşdirilməsinə və inzibati yükün azaldılmasına yönəlib".
Nazir müavini bildirib ki, qlobal və regional iqtisadi mühitdəki mürəkkəbliklərə baxmayaraq, Laosda investisiya fəallığı müsbət dinamika nümayiş etdirir. Onun sözlərinə görə, 2021–2025-ci illəri əhatə edən beşillik dövrdə təxminən 16 milyard ABŞ dolları dəyərində investisiya təsdiqlənib.
O qeyd edib ki, cari ilin ilk yeddi ayında ümumi dəyəri təxminən
8,5 milyard ABŞ dolları olan 24 investisiya layihəsi təsdiq edilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə investisiyaların 68 faiz
artması deməkdir.
M.Vongsayın sözlərinə görə, indiyədək 53 ölkədən olan investorlar
Laos iqtisadiyyatına sərmayə yatırıb. Çin, Vyetnam, Tailand, Koreya
Respublikası və Malayziya ölkənin əsas investisiya tərəfdaşları
sırasındadır.
Nazir müavini vurğulayıb ki, Laosla Azərbaycan arasında ticarət və
investisiya əməkdaşlığı hələ ilkin mərhələdədir: "Bununla belə, iki
ölkənin bir sıra sahələrdə birgə fəaliyyət göstərməsi üçün
əhəmiyyətli potensial mövcuddur".
