Laos Azərbaycanla neft ticarəti və emalı sahəsində əməkdaşlıqda maraqlıdır

Energetika Xəbər 14 Oktyabr 2026 11:06 (UTC +04:00)
Laos Azərbaycanla neft ticarəti və emalı sahəsində əməkdaşlıqda maraqlıdır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Laos Azərbaycanla neft ticarəti və gələcəkdə neft emalı sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Bununla yanaşı, iki ölkə arasında kənd təsərrüfatı, dağ-mədən sənayesi, nəqliyyat və logistika, turizm sahələrində də birgə layihələrin həyata keçirilməsi üçün potensial mövcuddur.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Laosun İnvestisiyaların Təşviqi və İdarə Edilməsi Komitəsinin (IPMC) Daimi katibi və Daimi Komitəsinin üzvü Vanthana Nolintha çərşənbə günü Bakıda keçirilən Azərbaycan-Laos Biznes Forumunda deyib.

O bildirib ki, Azərbaycan dünyanın əsas neft ixracatçılarından biri olduğu halda, Laos neftə olan tələbatını tamamilə idxal hesabına ödəyir. Bu baxımdan, neft ticarəti iki ölkə arasında iqtisadi əməkdaşlığın perspektivli istiqamətlərindən biri ola bilər.

“Azərbaycan əsas neft ixracatçılarından biridir, Laos isə neftinin 100%-ni idxal edir. Bu, gələcəkdə neft ticarəti, eləcə də növbəti mərhələdə neft emalı sahəsində əməkdaşlıq üçün mühüm imkan yaradır”, - deyə o qeyd edib.

Vanthana Nolintha Azərbaycan və Laos arasında əməkdaşlığın genişləndirilməsi üçün digər perspektivli sahələrə də toxunub. Onun sözlərinə görə, iki ölkənin iqtisadiyyat nazirləri səviyyəsində aparılan müzakirələr zamanı kənd təsərrüfatı, dağ-mədən sənayesi, nəqliyyat və logistika, eləcə də turizm mümkün əməkdaşlıq istiqamətləri kimi müəyyənləşdirilib.

Komitə rəsmisi bildirib ki, Laosda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün geniş münbit torpaq sahələri mövcuddur. Bu sahədə Azərbaycan şirkətləri ilə əməkdaşlıq həm daxili bazarın tələbatının ödənilməsinə, həm də məhsulların xarici bazarlara ixracına töhfə verə bilər.Dağ-mədən sənayesi ilə bağlı danışan Vanthana Nolintha qeyd edib ki, Laosda yeni mədən layihələri üzrə investisiya müraciətlərinin qəbuluna məhdudiyyətlər tətbiq olunur. Bununla belə, mövcud lisenziyalara malik yerli şirkətlərlə əməkdaşlıq çərçivəsində xammalın emalı və əlavə dəyəri yüksək məhsulların istehsalı sahəsində xarici investorlar üçün imkanlar qalır.

“Biz xammal hasilatından daha yüksək əlavə dəyər yaradan emal və rafinasiya proseslərinə keçidi hədəfləyirik. Azərbaycan şirkətləri Laosda müvafiq lisenziyalara malik yerli müəssisələrlə əməkdaşlıq imkanlarını nəzərdən keçirə bilərlər”, - deyə o vurğulayıb.

Komitə rəsmisi nəqliyyat və logistika sahəsində də iki ölkənin qarşılıqlı təcrübə və imkanlarından yararlana biləcəyini bildirib.

“Azərbaycan regionda, Laos isə ASEAN məkanında nəqliyyat və logistika mərkəzi olmaq potensialına malikdir. İki ölkənin maliyyə imkanlarının və kapitalının birləşdirilməsi bu sahədə əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yarada bilər”, - deyə Vanthana Nolintha əlavə edib.

Onun sözlərinə görə, turizm də Azərbaycan-Laos əlaqələrinin inkişafında mühüm rol oynaya bilər. İki ölkə arasında turizm əməkdaşlığının genişləndirilməsi qarşılıqlı turist axınının artmasına və insanlararası əlaqələrin möhkəmlənməsinə şərait yarada bilər.

Vanthana Nolintha Laosun idxal mənbələrini şaxələndirmək niyyətində olduğunu da bildirib. O qeyd edib ki, ölkənin idxalının əhəmiyyətli hissəsi Tailand vasitəsilə həyata keçirilir və alternativ təchizat mənbələrinin araşdırılması Azərbaycanla əməkdaşlıq üçün əlavə imkanlar yarada bilər.

Komitə rəsmisi Laosun xarici investorları cəlb etmək üçün bir sıra maliyyə təşviqləri tətbiq etdiyini də diqqətə çatdırıb.

Onun sözlərinə görə, bu təşviqlərə müəyyən müddətə mənfəət vergisindən azadolma, torpaq icarəsi və lisenziya haqlarına güzəştlər, gömrük rüsumlarından azadolma, eləcə də yüksək ixtisaslı xarici mütəxəssislər üçün 5%-lik sabit fərdi gəlir vergisi dərəcəsi daxildir.

O bildirib ki, investisiya təşviqləri kənd təsərrüfatı və aqrar emal, səhiyyə, təhsil, innovasiya, rəqəmsal iqtisadiyyat, bərpaolunan enerji, turizm, infrastruktur, xüsusi iqtisadi zonalar, sənaye parkları, nəqliyyat və logistika kimi prioritet sahələrə yönəldilir.

Vanthana Nolintha qeyd edib ki, təşviqlərin həcmi layihənin yerləşdiyi ərazidən də asılıdır. Belə ki, kənd və inkişaf baxımından daha çətin ərazilərdə həyata keçirilən layihələr üçün daha uzunmüddətli vergi güzəştləri nəzərdə tutulur.

Vanthana Nolintha Azərbaycan və Laos arasında investisiyaların təşviqi və qorunması haqqında ikitərəfli saziş üzrə danışıqların aparıldığını da bildirib.

“Biz saziş layihəsini Azərbaycan tərəfinə təqdim etmişik. Ümid edirik ki, rəsmi danışıqlara bu ilin sonunadək və ya gələn ilin əvvəlində başlamaq mümkün olacaq. Bu, iki ölkə arasında investisiyaların qorunmasını daha da gücləndirə bilər”, - deyə o vurğulayıb.

Komitə rəsmisi qeyd edib ki, Laosun hazırda 26 ikitərəfli investisiya sazişi var, daha üç-dörd saziş üzrə isə danışıqlar davam edir.

O əlavə edib ki, Azərbaycan və Laos arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsi üçün mövcud imkanların araşdırılması və qarşılıqlı iqtisadi əməkdaşlığın gücləndirilməsi vacibdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti