“Rebuild Garabagh” sərgisi bu il daha yüksək səviyyədə keçiriləcək - Elbay Qasımzadə

Cəmiyyət Xəbər 14 Oktyabr 2026 10:46 (UTC +04:00)
“Rebuild Garabagh” sərgisi bu il daha yüksək səviyyədə keçiriləcək - Elbay Qasımzadə
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ və Şərqi Zəngəzurun bərpasına həsr olunan “Rebuild Garabagh” sərgisinin altıncı dəfə keçirilməsi Azərbaycanda quruculuq və yaradıcılığa göstərilən diqqətin mühüm göstəricisidir. Bu il sərginin əvvəlki illərlə müqayisədə daha yüksək səviyyədə keçiriləcək.

Trend-in tədbirdə iştirak edən müxbirinin xəbərinə görə, bunu Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Rebuild Garabagh” sərgisinin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda bu tədbirin illərdir müntəzəm keçirilməsi və Qarabağla Şərqi Zəngəzurun bərpasına həsr olunan sərginin artıq altıncı dəfə təşkil edilməsi mühüm göstəricidir.

Elbay Qasımzadə qeyd edib ki, 2026-cı ilin Azərbaycanda Şəhərsalma və Memarlıq İli elan edilməsi, eləcə də ölkədə dünya miqyaslı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirilməsi bu diqqətin təzahürüdür.

O, bu il Azərbaycanda daha iki əlamətdar hadisənin qeyd olunduğunu diqqətə çatdırıb. Belə ki, Azərbaycanın böyük memarı Əcəmi Naxçıvaninin 900 illiyi, həmçinin Azərbaycan Memarlar İttifaqının yaradılmasının 90 illiyi qeyd edilir.

İttifaq sədri vurğulayıb ki, bütün bu hadisələr ölkədəki ümumi əhval-ruhiyyənin, yaradıcılığa və quruculuğa münasibətin nəticəsidir.

“Bugünkü sərginin də əvvəlki sərgilərdən heç də aşağı səviyyədə keçməyəcəyinə şübhə etmirəm. Hətta düşünürəm ki, bu il daha yüksək səviyyədə təşkil olunacaq”, – deyə Elbay Qasımzadə bildirib.

O, sərgi iştirakçılarına uğurlar arzulayaraq bütün fəaliyyətlərində Vətən və xalq anlayışlarını əsas götürməyin vacibliyini vurğulayıb.

“Bütün fəaliyyətinizdə Vətəni və xalqı əsas tutsanız, ölkəmiz daha da uğurlu olacaq”, – deyə Elbay Qasımzadə əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti