İkili diplom proqramı çərçivəsində əcnəbi tələbələr UNEC-də təhsil alacaqlar (FOTO)

Cəmiyyət Xəbər 14 Oktyabr 2026 09:49 (UTC +04:00)
İkili diplom proqramı çərçivəsində əcnəbi tələbələr UNEC-də təhsil alacaqlar (FOTO)

Bakı. Trend:

UNEC-in Özbəkistanın Daşkənd Dövlət İqtisad Universiteti ilə ikili diplom proqramına start verilib. Bu il ilk dəfə tələbə qəbulu həyata keçirilən ikili diplom proqramı çərçivəsində 15 magistrant MBA proqramının “Maliyyə” ixtisaslaşması üzrə təhsil alacaq.

Proqramın şərtlərinə əsasən, tələbələr birinci semestr UNEC-də, növbəti üç semestr isə Daşkənd Dövlət İqtisad Universitetində təhsil alacaqlar. Proqramı uğurla başa vuran məzunlara hər iki universitetin diplomu veriləcək.

İkili diplom proqramı üzrə təhsil almaq üçün UNEC-də olan özbəkistanlı tələbələrlə görüşən rektor professor Ədalət Muradov onları təbrik edərək, təhsillərində uğurlar arzulayıb. Görüşdə tələbələrə UNEC-in təhsil imkanları və beynəlxalq reytinqlərdəki mövqeyi barədə məlumat verilib. Rektor qeyd edib ki, UNEC-in xarici universitetlərlə 10-dan çox ikili diplom proqramı reallaşdırmasına baxmayaraq, bu, yeganə proqramdır ki, UNEC tələbələri təhsil almaq üçün xarici universitetlərə getmirlər, əksinə, əcnəbi tələbələr təhsil almaq üçün UNEC-ə gəlirlər.

Rektor bildirib ki, Özbəkistanla reallaşdırılan ikili diplom proqramı hər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, tələbə mübadiləsinin inkişafı və beynəlxalq təhsil imkanlarının artırılması baxımından əhəmiyyət daşıyır.

Görüşdə magistrantların Azərbaycanda olduqları müddətdə ölkəmizin tarixi, mədəniyyəti, milli dəyərləri ilə yaxından tanış olmalarının vacibliyi də diqqətə çatdırılıb.

Xəbər lenti

Xəbər lenti