Böyük Qayıdışın əsas məqsədi müasir yaşayış mühitinin yaradılmasıdır - Bəşir Hacıyev

Cəmiyyət Xəbər 14 Oktyabr 2026 09:35 (UTC +04:00)
Böyük Qayıdışın əsas məqsədi müasir yaşayış mühitinin yaradılmasıdır - Bəşir Hacıyev
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Qayıdışın əsas məqsədi doğma torpaqlarda insanların rahat yaşayacağı, çalışacağı və gələcəyini quracağı müasir yaşayış mühitinin yaradılmasıdır.

Trend-in sərgidə iştirak edən müxbirinin xəbərinə görə, bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisinin (Rebuild Garabagh) iştirakçılarına müraciətində bildirib.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycanın tarixində yeni səhifə açıb.

B.Hacıyevin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır, illər boyu doğma sakinlərinə həsrət qalan şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, sosial və iqtisadi həyat bərpa olunur.

Xüsusi nümayəndə vurğulayıb ki, bu prosesin ən mühüm nəticələrindən biri insanların doğma yurdlarına qayıtması və həmin ərazilərdə həyatın yenidən canlanmasıdır.

O bildirib ki, Böyük Qayıdış yalnız yeni evlərin, yolların və sosial obyektlərin inşası demək deyil.

“Qarşımızda duran əsas vəzifə doğma torpaqlarımızda insanların rahat yaşayacağı, çalışacağı və gələcəyini quracağı müasir yaşayış mühitinin yaradılmasıdır”, – deyə B.Hacıyev qeyd edib.

Onun sözlərinə görə, hazırda həyata keçirilən layihələr uzunmüddətli inkişafı və gələcək nəsillərin ehtiyaclarını nəzərə alan yanaşma əsasında reallaşdırılır.

B.Hacıyev bildirib ki, 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu il təşkil olunan “Rebuild Garabagh” sərgisinə xüsusi məna verir.

O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulduğu bir vaxtda şəhərsalma, memarlıq, tikinti və infrastruktur sahələrində müasir təcrübənin öyrənilməsi, yeni texnologiyaların təqdim olunması və peşəkar fikir mübadiləsi xüsusi əhəmiyyət daşıyır.

Xüsusi nümayəndə vurğulayıb ki, “Rebuild Garabagh” sərgisi müxtəlif ölkələrdən olan şirkətləri, mütəxəssisləri və işgüzar dairələri bir araya gətirməklə yeni ideyaların və əməkdaşlıqların yaranması üçün əlverişli imkan yaradır.

O əlavə edib ki, “Caspian Construction Week” çərçivəsində fərqli sahələrin eyni məkanda təmsil olunması iştirakçılara yeni həllərlə tanış olmaq, təcrübələrini bölüşmək və gələcək layihələr ətrafında birbaşa müzakirələr aparmaq imkanı verir.

B.Hacıyev builki sərginin yeni təşəbbüslər, faydalı görüşlər və gələcək əməkdaşlıqlar üçün uğurlu başlanğıc olacağına, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işlərinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

O, sərginin təşkilində əməyi olan hər kəsə təşəkkür edib, iştirakçılara səmərəli fəaliyyət, uğurlu görüşlər və yeni nailiyyətlər arzulayıb.

Xəbər lenti

Xəbər lenti