Bakı. Trend:
Azərbaycanda dövlət iştirakının yüksək olduğu və təbii inhisar xüsusiyyəti daşıyan sahələrdə rəqabətin mümkün olduğu fəaliyyətlər müəyyənləşdiriləcək, rəqabətli bazar modelinə mərhələli keçid imkanları araşdırılacaq.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov çərşənbə günü Agentliyin təşkilatçılığı ilə keçirilən III Milli Rəqabət Forumunda deyib.
O bildirib ki, dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallığın gücləndirilməsi “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nın əsas istiqamətlərindən biridir.
E.Bağırov qeyd edib ki, təbii inhisar sahələri ölkə iqtisadiyyatının geniş və strateji əhəmiyyətli hissəsini əhatə edir. Bu sahələr enerji, nəqliyyat, rabitə və digər baza infrastruktur xidmətlərinin davamlı fəaliyyətini təmin edir.
Onun sözlərinə görə, müəyyən fəaliyyətlərin təbii inhisar şəraitində həyata keçirilməsi iqtisadi və texnoloji baxımdan zəruri ola bilər. Bununla yanaşı, həmin sahələrdə fəaliyyət istiqamətlərinin xüsusiyyətlərindən asılı olaraq rəqabət imkanları da nəzərə alınmalıdır.
“Milli Fəaliyyət Planı bir tərəfdən dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallığın qiymətləndirilməsini, digər tərəfdən isə rəqabətin mümkün olduğu fəaliyyətlərin müəyyən edilərək rəqabətli bazar modelinə mərhələli keçid imkanlarının araşdırılmasını nəzərdə tutur”, – deyə Agentlik sədri bildirib.
O vurğulayıb ki, məqsəd dövlətin iqtisadi fəaliyyəti ilə bazarın ehtiyacları və iqtisadi inkişaf hədəfləri arasında tarazlıq yaratmaqdır.
E.Bağırov bazara daxilolmaya təsir edən iqtisadi, texniki və inzibati tənzimləmələrin də təhlil ediləcəyini diqqətə çatdırıb. Bu çərçivədə lisenziya və icazə prosedurlarının, texniki şərtlərin, infrastruktura çıxış imkanlarının və digər tələblərin sahibkarlıq fəaliyyətinə təsiri qiymətləndiriləcək, onların təkmilləşdirilməsinə dair əsaslandırılmış təkliflər hazırlanacaq.
Agentlik sədri əlavə edib ki, nəzarət tədbirlərinin əsas məqsədi rəqabəti məhdudlaşdıran davranışların qarşısını almaq və sağlam rəqabət mədəniyyəti formalaşdırmaqdır. Sahibkarların pozuntuları könüllü aradan qaldırması, qanunvericiliyin tələblərinə əvvəlcədən uyğunlaşması və Agentliklə açıq dialoq aparması xüsusi əhəmiyyət daşıyır.
Qarşıdakı dövrdə sahəvi tənzimləyicilər, aidiyyəti dövlət orqanları, elmi ictimaiyyət və biznes assosiasiyaları ilə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
