Bakı.Trend:
İran Tehranın Hörmüz boğazından keçidlə bağlı tətbiq etdiyi qaydaları pozan gəmilər üçün bu su keçidini yaxın vaxtlarda tam bağlaya bilər.
Bu barədə "Reuters" agentliyi İran rəsmilərinə istinadən məlumat yayıb.
“Yaxın vaxtlarda boğaz tam bağlanacaq”, – agentliyin həmsöhbətlərindən biri bildirib.
Nəşrin məlumatına görə, İran təxminən 10 gün əvvəl boğazdan keçidlə bağlı məhdudiyyətləri pozduğunu hesab etdiyi gəmilərə qarşı hücumların xarakterini və kəsərini dəyişib. Tehran həmçinin dünya bazarında neft qiymətlərinin aşağı düşməsinin qarşısını almaq və noyabrda ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərinin nəticələrinə təsir göstərmək məqsədilə əməliyyatların coğrafiyasını genişləndirməyi planlaşdırır.
“Məqsəd ABŞ və onun müttəfiqlərinin dünya bazarında neft qiymətlərini aşağı salmaq cəhdlərinin qarşısını almaqdır”, – İranın yüksək vəzifəli rəsmilərindən biri bildirib.
Nəşr yazır ki, ABŞ-nin hərbi nümayəndəsinin sözlərinə görə, İran potensial hədəfləri, o cümlədən ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərini aşkar etmək üçün silahsız müşahidəçilərin olduğu kiçik qayıqlardan istifadə etməyə başlayıb. Onun sözlərinə görə, İranın radar imkanlarının əhəmiyyətli hissəsi məhv edildikdən sonra bu qruplar hədəflər barədə məlumatları İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) ötürür.
Bu arada, Birgə Dəniz İnformasiya Mərkəzi (JMIC) Hörmüz boğazında ticarət gəmilərinə qarşı təhlükə səviyyəsini “ciddi” kimi qiymətləndirib. Bu, mərkəzin təhlükə dərəcələri sistemində ikinci ən yüksək səviyyədir.
Müstəqil məlumatlara əsasən, son günlər boğazdan keçməyə davam edən ticarət gəmilərinə hücumların sayı münaqişə başlayandan bəri ən yüksək həddə çatıb.
