Bakı. Trend:
2027-ci ildən Azərbaycanda sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının 50 faizinin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çərşənbə günü Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən III Milli Rəqabət Forumunda deyib.
O bildirib ki, bu tədbir sahibkarların ilkin investisiya yükünün azaldılmasına xidmət edəcək.
E.Əliyevin sözlərinə görə, regionlarda maliyyəyə çıxışın yaxşılaşdırılması üçün Bakı və Abşerondan kənarda kreditlər üzrə faizlərin yarısının subsidiyalaşdırılması mexanizmi tətbiq olunur. Kreditin əsas məbləğinə işğaldan azad olunmuş ərazilərdə 90 faizədək, digər regionlarda isə 50 faizədək dövlət zəmanətinin verilməsi nəzərdə tutulub.
Nazirin birinci müavini qeyri-neft-qaz məhsullarının ixracında daşınma xərclərinin 70 faizədək hissəsinin qarşılanmasının, kiçik və orta ixracatçılara isə gömrük rəsmiləşdirilməsi yığımlarının bir hissəsinin kompensasiya edilməsinin nəzərdə tutulduğunu da qeyd edib.
O əlavə edib ki, Naxçıvanda istehsal olunan malların ölkənin digər ərazilərinə daşınma xərclərinin 70 faizi ödənilir.
E.Əliyev vurğulayıb ki, bu dəstək alətlərinin praktiki nəticəsi tətbiq şərtlərinin aydınlığından və müvafiq meyarlara cavab verən sahibkarların həmin imkanlardan yararlana bilməsindən asılı olacaq.
