İtaliya Azərbaycanda tikinti və bərpa layihələrində uzunmüddətli tərəfdaşlıq qurmağa hazırdır – Səfir

Cəmiyyət Xəbər 14 Oktyabr 2026 10:54 (UTC +04:00)
İtaliya Azərbaycanda tikinti və bərpa layihələrində uzunmüddətli tərəfdaşlıq qurmağa hazırdır – Səfir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya şirkətləri Azərbaycanın, o cümlədən işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı layihələrində texnologiya, mühəndislik təcrübəsi, enerjiyə qənaət edən həllər və digər imkanları ilə iştirak etməyə, yerli şirkətlərlə birgə layihələr həyata keçirməyə hazırdır.

Trend-in tədbirdə iştirak edən müxbirinin xəbərinə görə, bunu İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Rebuild Garabagh” sərgisinin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, tikinti və infrastruktur Azərbaycan üçün yalnız mühüm iqtisadi sektor deyil, həm də gələcəyə yönəlmiş daha geniş inkişaf baxışının tərkib hissəsidir. Bu baxımdan, açılışı keçirilən sərgi xüsusi əhəmiyyət daşıyır.

Səfir vurğulayıb ki, İtaliya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir. Bu əlaqələr ötən il iki mühüm səfər zamanı bir daha təsdiqlənib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin oktyabrında İtaliyaya səfər edib, İtaliyanın Baş naziri Corciya Meloni isə bu ilin mayında Azərbaycanda olub. Hər iki səfər zamanı liderlər arasında görüşlər keçirilib.

Luka Di Canfrançesko qeyd edib ki, İtaliya tikinti sektorunda geniş və yüksək ixtisaslaşmış sənaye bazasına malikdir və ölkənin şirkətləri fərdi məhsullardan daha geniş imkanlar təklif edə bilirlər.

Onun sözlərinə görə, İtaliya şirkətləri texnologiyalar, mühəndislik təcrübəsi, ixtisaslaşdırılmış avadanlıqlar, materiallar, enerjiyə qənaət edən həllər, memarlıq və dizayn imkanları ilə yanaşı, uzun sənətkarlıq ənənələrini və keyfiyyətə xüsusi diqqəti də təmsil edirlər.

“Ən əsası isə onlar innovasiyanı dizaynla, texnologiyanı funksionallıqla, sənaye istehsalını isə yaradıcılıqla birləşdirmək qabiliyyətinə malikdirlər”, – deyə səfir bildirib və bu xüsusiyyətin İtaliya sənayesini fərqləndirən əsas cəhətlərdən biri olduğunu vurğulayıb.

O bildirib ki, bu gün “BakuBuild” sərgisində 46 İtaliya şirkəti iştirak edir. Onlardan 24-ü İtaliya Ticarət Agentliyinin təşkil etdiyi rəsmi İtaliya pavilyonunda təmsil olunur. Səfir iştirakçıları həmin pavilyona sərginin açılış günü və növbəti günlərdə baş çəkməyə dəvət edib.

Luka Di Canfrançeskonun sözlərinə görə, İtaliya şirkətlərinin sərgidə iştirakı İtaliya biznesinin Azərbaycana marağını və uzunmüddətli tərəfdaşlıq qurmaq niyyətini nümayiş etdirir.

“Biz bura sadəcə məhsul satmaq üçün gəlməmişik, birlikdə işləməyə gəlmişik”, – deyə o qeyd edib.

Səfir əlavə edib ki, İtaliya şirkətləri müxtəlif həllər və texnologiyalar təqdim etməklə yanaşı, Azərbaycan şirkətləri ilə tərəfdaşlıq qurmağa, təcrübə mübadiləsi aparmağa, birgə layihələr hazırlamağa və öz təcrübələrini Azərbaycan bazarının spesifik ehtiyaclarına uyğunlaşdırmağa qadirdirlər. Onlar həllərin həm layihələndirilməsi, həm də həyata keçirilməsi mərhələlərində etibarlı tərəfdaş kimi çıxış edə bilərlər.

O vurğulayıb ki, bu əməkdaşlıq enerjiyə qənaət, dayanıqlı tikinti, ağıllı bina texnologiyaları, qabaqcıl materiallar, mühəndislik və ixtisaslaşdırılmış avadanlıqlar kimi sahələrdə xüsusi əhəmiyyət daşıyır.

Səfirin sözlərinə görə, İtaliya şirkətlərinin təcrübəsi Azərbaycanın böyük hissəsini, o cümlədən işğaldan azad edilmiş əraziləri əhatə edən bərpa və inkişaf layihələrində də faydalı ola bilər.

Luka Di Canfrançesko Azərbaycan Prezidenti İlham Əliyevin bu səhər açılış nitqində həmin ərazilərin Azərbaycan hökuməti və xalqı üçün xüsusi əhəmiyyət daşıdığını vurğuladığını xatırladıb. O, həmçinin İtaliyanın işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə səylərinə də töhfə verdiyini bildirib.

Səfir tədbirin təşkilində göstərdikləri səylərə görə Azərbaycan qurumlarına, təşkilatçılara və tərəfdaşlara təşəkkür edib. O, İtaliya Ticarət Agentliyinə, agentliyin direktoru Çeçiliya Olivaya və “BakuBuild” sərgisinin bu buraxılışında iştirak edən bütün İtaliya şirkətlərinə minnətdarlığını ifadə edib.

“Onların burada olması çox açıq bir mesaj verir: İtaliya buradadır, İtaliya öz töhfəsini verməyə hazırdır və İtaliya gələcək üçün tərəfdaşlıqlar qurmağa hazırdır”, – deyə Luka Di Canfrançesko bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti