Azərbaycan polisi yad təsirlərə qarşı etibarlı dövlətçilik səddidir - Əli Hüseynli

Siyasət Xəbər 14 Oktyabr 2026 12:33 (UTC +04:00)
Azərbaycan polisi yad təsirlərə qarşı etibarlı dövlətçilik səddidir - Əli Hüseynli

Bakı.Trend:

Son günlər gündəmi zəbt edən mövzu - vahid məktəbli formasının tətbiqi ilk baxışdan sadəcə təhsil müəssisələrində nizam-intizam və geyim standartı kimi görünsə də, əslində milli təhlükəsizlik, dövlətçilik ənənələrinin qorunması və dünyəvi dövlət quruluşunun mühafizəsi kontekstində strateji əhəmiyyət kəsb edən fundamental addımlardan biridir.

Məsələyə hüquqi-siyasi kontekstdən yanaşıldıqda ilk növbədə nəzərə alınmalıdır ki,Ana Qanunumuzun 7-ci maddəsinə əsasən, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublikadır. Eyni zamanda, Konstitusiyanın 18-ci maddəsi dinin dövlətdən ayrı olduğunu və dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığını təsbit edir.

Vahid məktəbli forması təhsil müəssisələrində hər hansı bir ideoloji, dini, siyasi və ya subkultur mənsubiyyətinin nümayiş etdirilməsinin qarşısını alır. Bu, gənc nəslin yad təsirlərdən uzaq, vahid dövlətçilik ideologiyası (azərbaycançılıq) ətrafında formalaşmasına xidmət edir. Məktəblərdə vahid geyim tərzi şagirdlər arasında sosial-iqtisadi təbəqələşməni vizual olaraq ortadan qaldırır. Bu, cəmiyyətdə potensial sosial gərginliklərin qarşısını ilkin mərhələdə (məktəb yaşlarında) alır ki, bu da daxili siyasi sabitliyin və ictimai asayişin təmin edilməsi üçün vacib şərtdir.

Bu istiqamətdə hüquq-mühafizə orqanlarının, xüsusilə də Daxili İşlər Nazirliyinin (DİN) qətiyyətli fəaliyyəti dövlətin konstitusion prinsiplərinin qorunması baxımından mühüm hüquqi-siyasi çəkiyə malikdir. Nazirlik bu çərçivədə baş verən ictimai asayişin pozulması cəhdləri ilə (iğtişaşlar) əlaqədar yaydığı rəsmi açıqlamada faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlandığını və asayişi pozmağa cəhd göstərən 37 nəfərın həbs edildiyini bildirib. Bundan əlavə, paytaxtda bir neçə avtomobili qəsdən yandıran şəxslər müəyyən edilərək cinayət məsuliyyətinə cəlb ediliblər. Şəhərin mərkəzində iğtişaşlar törətməyə cəhd edən və radikal dini şüarlar səsləndirən onlarla qanun pozucusu polisin operativ və çevik müdaxiləsi nəticəsində dərhal saxlanmış və ərazidə ictimai asayiş qısa müddətdə bərpa olunmuşdur.

Anlamaq çətin deyil ki, məktəb yaşlı uşaqların qanunla müəyyən olunmuş qaydalara (o cümlədən vahid forma tələbinə) tabe olması, onlarda hüquqi şüurun və dövlət qanunlarına hörmət hissinin erkən yaşdan formalaşmasına kömək edir, hüquqi nihilizmin (qanunları saymamaq meylinin) qarşısını alır. Məktəb mühitində vahid geyim forması kənar şəxslərin təhsil müəssisələrinə qanunsuz daxil olmasının qarşısını almağı asanlaşdırır. DİN-nin müvafiq struktur bölmələrinin təhsil müəssisələrinin rəhbərlikləri ilə bu sahədə koordinasiyalı fəaliyyəti məktəbləri xarici risklərdən (məsələn, narkomaniya, radikal qruplaşmaların təbliğatı) qoruyur.

Operativ şəkildə görülən tədbirlərin əsas məqsədi ilk növbədə vətəndaşların, şagirdlərin və müəllimlərin təhlükəsizliyini qorumaq və qanunun aliliyini təmin etməkdir ki, bu istiqamətdə DİN-nin fəaliyyəti, hər zaman olduğu kimi, olduqca səmərəlidir.

Beləliklə, Azərbaycan polisi bu gün də müstəqil dövlətçiliyimizin qorunmasında, daxili sabitliyin və ictimai asayişin təmin edilməsində fundamental rol oynayan mühüm siyasi-strateji təsisat kimi özünü doğrultmaqdadır. Bununla da qanunçuluğun qorunması istiqamətində nümayiş etdirdiyi yüksək peşəkarlıqla Daxili İşlər Nazirliyi Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən hər zaman polisin fəaliyyətinə verilən yüksək qiymətə layiq olduğunu bir daha sübuta yetirməkdədir.

Əli Hüseynli,
Milli Məclisin deputatı

Xəbər lenti

Xəbər lenti