Süni intellekt hələ ki, insan beyninin iş prinsiplərini tam şəkildə təqlid edə bilmir - Kafedra müdiri

Cəmiyyət Xəbər 14 Oktyabr 2026 14:13 (UTC +04:00)
Süni intellekt hələ ki, insan beyninin iş prinsiplərini tam şəkildə təqlid edə bilmir - Kafedra müdiri
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Müasir süni intellekt sistemləri insan beyninin iş prinsiplərini tamdəyərli şəkildə təkrarlamaqdan hələ uzaqdır, ona görə də, bu, xüsusilə, enerji sərfiyyatı və istilik ayrılması ilə bağlı problemlərə səbəb olur.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu çərşənbə günü İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə IEEE-nin Bakıda keçirilən 20-ci Beynəlxalq Konfransının (AICT2026) açılış mərasimində ABŞ-nin Corc Vaşinqton Universitetinin elektrik mühəndisliyi və kompüter mühəndisliyi kafedrasının müdiri Tarek Əl-Qəzavi bildirib.

“Biz yaddaşın ayrıca yerləşdiyi, hesablamaların isə başqa yerdə aparıldığı maşınlardan istifadə etməklə beynin iş prinsipini təkrarlamağa çalışırıq. Halbuki insan beynində bütün bunlar vahid sistemdə birləşib. Məhz buna görə də hazırda istilik ayrılması və enerji sərfiyyatı kimi problemlərlə üzləşirik. Hələ bu yanaşmanı həyata keçirməyin düzgün üsulunu tapa bilməmişik”, – deyə o bildirib.

T. Əl-Qəzavinin sözlərinə görə, süni intellekt sahəsində əhəmiyyətli nəticələr əldə edilməsinə baxmayaraq, insan beyninin iş prinsiplərinin tam şəkildə təkrarlanmasına hələ çox var.

“Düşünürəm ki, biz bu yolun lap başlanğıcındayıq və hələlik beynin işini təkrarlamaq vəzifəsinin öhdəsindən o qədər də uğurla gələ bilmirik. Buna baxmayaraq, artıq əhəmiyyətli nəticələrin şahidi oluruq”, – deyə o qeyd edib.

Qeyd edək ki, Bakıda ADA Universitetində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə IEEE-nin 20-ci Beynəlxalq Konfransı (AICT2026) keçirilir.

Konfrans Azərbaycanda yeddinci dəfə təşkil olunur və bu il AICT konfransları silsiləsinin 20 illiyinə həsr edilib. Tədbir “20 ildir elmi, texnologiyaları və cəmiyyəti birləşdiririk” şüarı altında keçirilir.

Tədbir ADA Universiteti, IEEE-nin Azərbaycandakı müvafiq bölmələri, Turin Politexnik Universiteti, Corc Vaşinqton Universiteti, Nazarbayev Universiteti, Birləşmiş Ərəb Əmirlikləri Universiteti, Daşkənd İnformasiya Texnologiyaları Universiteti, Qazaxıstan-Britaniya Texniki Universiteti, Tbilisi Dövlət Universiteti, Gürcüstan Texniki Universiteti, SDU Universiteti, Nikola Teslanın adını daşıyan Elektrotexnika İnstitutu və Alessandro Faedonun adını daşıyan İnformasiya Elmi və Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.

Konfransın əsas məqsədi informasiya və kommunikasiya texnologiyaları sahəsində bilik mübadiləsini təşviq etmək, eləcə də sektorun son nailiyyətlərini müzakirə etməkdir. Tədbir tədqiqatçıları, alimləri və sənaye nümayəndələrini bir araya gətirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti