Azərbaycan və Türkiyə dənizdə külək enerjisi sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib (FOTO)

Energetika Press-reliz 14 Oktyabr 2026 14:03 (UTC +04:00)
Azərbaycan və Türkiyə dənizdə külək enerjisi sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Türkiyə arasında dənizdə külək enerjisi sahəsində əməkdaşlıq imkanlarını müzakirə edilib.

Bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Məsələləri Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, cari ilin 13–14 oktyabr 2026-cı il tarixlərində Türkiyənin İstanbul şəhərində “Offshore Wind Türkiye 2026” tədbiri keçirilib. Tədbirdə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev çıxış edib.

Çıxış zamanı Azərbaycanın bərpa olunan enerji sahəsində həyata keçirdiyi fəaliyyətlər, Xəzər dənizinin Azərbaycan sektorunda mövcud olan dənizdə külək enerjisi potensialı, bu sahənin inkişafına dair yol xəritəsi və gələcək perspektivlər barədə məlumat verilib.

Qeyd olunub ki, Xəzər dənizinin Azərbaycan sektorunda dənizdə külək enerjisinin texniki potensialı 157 QVt təşkil edir. Bu potensialın səmərəli qiymətləndirilməsi, investisiyaların cəlb edilməsi və müvafiq infrastrukturun inkişafı Azərbaycanın enerji keçidi və yaşıl enerji ixracı hədəfləri baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan və Türkiyə arasında dənizdə külək enerjisi sahəsində əməkdaşlıq imkanları, texniki təcrübə mübadiləsi, birgə layihələrin inkişafı və regional yaşıl enerji dəhlizlərinin perspektivləri diqqətə çatdırılıb.

Azərbaycanın bərpa olunan enerji potensialından istifadənin reallaşdırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ölkənin dayanıqlı enerji inkişafı strategiyasının əsas istiqamətlərindəndir.

Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr ayları üzrə Energetika Nazirliyinin məlumatına əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 21 milyard 190,9 milyon kVt·st olub.

Bu dövrdə İstilik Elektrik Stansiyalarında (İES) 16 milyard 960 milyon kVt·st, Su Elektrik Stansiyalarında (SES) 2 milyard 767,1 milyon kVt·st, digər mənbələr üzrə isə 1 milyard 463,8 milyon kVt·st, o cümlədən külək elektrik stansiyalarında 768,7 milyon kVt·st, günəş elektrik stansiyalarında 501,5 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 193,6 milyon kVt·st elektrik enerjisi istehsal edilib.

9 ay ərzində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisi istehsalı su elektrik stansiyalarında 352,8 milyon kVt·st, külək elektrik stansiyalarında 698,4 milyon kVt·st, BMTYZ üzrə isə 10,2 milyon kVt·st artıb. Ümumilikdə SES-lər də daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 1 milyard 51,9 milyon kVt·st artımla 4 milyard 230,9 milyon kVt·st təşkil edib.

Yanvar-sentyabr ayları üzrə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 18 milyard 233,4 milyon kVt·st (İES-lərdə 15 milyard 434,8 milyon kVt·st, SES-lərdə 2 milyard 53,1 milyon kVt·st, GES-lərdə 45,5 milyon kVt·st), müstəqil elektrik stansiyaları üzrə isə 2 milyard 957,5 milyon kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 301,6 milyon kVt·st, idxalı isə 170,6 milyon kVt·st olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti