Bakı.Trend:
Bakı milli ənənələrin rəngarəngliyi ilə canlanıb. Qız qalasından “Kəlağayı” adlı rəngarəng yürüşə start verilib.
Trend-in müxbirinin verdiyi məlumata görə, Bakının mərkəzində QHT-lərin təşkilatçılığı ilə keçirilən yürüşdə bir qrup azərbaycanlı xanım milli baş örtüyü – kəlağayı ilə iştirak edir. Vətəndaş cəmiyyəti təmsilçiləri bu təşəbbüslə milli geyimlərə, xüsusilə kəlağayıya marağın artırılmasına çalışdıqlarını bildiriblər.
Milli geyimlərdə olan iştirakçılar İçərişəhər – Fəvvarələr meydanı – Bakı bulvarı marşrutu ilə hərəkət edərək paytaxt sakinlərinin və qonaqların diqqətini cəlb edirlər. Onlar yoldan keçənlərlə şəkil çəkdirir, insanlara təbəssüm bəxş edir, mahnılar ifa edir və şəhər gəzintisini əsl milli mədəniyyət bayramına çevirirlər.
Aksiyanın əsas məqsədi ənənəvi Azərbaycan qadın baş örtüyü olan kəlağayının təbliğidir. Kəlağayı Azərbaycan xalqının çoxəsrlik tarixini, milli kimliyini, adət-ənənələrini və estetik dünyagörüşünü özündə yaşadan mühüm mədəni irs nümunəsidir. Təbii ipəkdən hazırlanan bu zərif baş örtüyü əsrlər boyu Azərbaycan qadınlarının geyim mədəniyyətinin ayrılmaz hissəsi olub. Kəlağayı yalnız milli geyim elementi deyil, həm də xalqımızın mənəvi dəyərlərinin, zəriflik, gözəllik və xanımlıq rəmzlərinin ifadəsidir.
Kəlağayının dəyərini artıran mühüm amillərdən biri də beynəlxalq səviyyədə tanınmasıdır. 2014-cü ildə kəlağayının hazırlanması və geyinilməsi ənənəsi, eləcə də onun simvolikası UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Bu, Azərbaycan ənənələrinin özünəməxsusluğunu və onların qorunub saxlanılmasının vacibliyini bir daha təsdiqləyir.
Kəlağayı sənətinin əsas mərkəzləri sırasında Şəki və Basqal xüsusi yer tutur. Onun hazırlanmasında ənənəvi ipəkçilik, boyama və taxta qəliblərlə naxışvurma üsullarından istifadə olunur. Kəlağayıların üzərindəki buta, nəbati və həndəsi ornamentlər xalqımızın zəngin bədii təfəkkürünü əks etdirir.
Kəlağayı keçmişlə bu günü birləşdirir və mədəni dəyərlərin qorunmasının gələcəyə töhfə olduğunu xatırladır. Bu cür təşəbbüslər sayəsində milli ənənələr yeni həyat qazanır, Azərbaycanın mədəni irsi gənc nəsil üçün daha əlçatan olur və ölkəmizə gələn qonaqların marağını cəlb edir.
