Kanak siyasətçi Fransa müstəmləkəçiliyinə son qoyulmasına dair çağırış edib (VİDEO)

Siyasət Xəbər 14 Oktyabr 2026 18:14 (UTC +04:00)
Kanak siyasətçi Fransa müstəmləkəçiliyinə son qoyulmasına dair çağırış edib (VİDEO)

Bakı.Trend:

Kanak siyasətçisi və ictimai xadim, Kanak Milli Azadlıq Sosialist Cəbhəsinin (FLNKS) rəsmi nümayəndəsi və Yeni Kaledoniyanın (Kanakiya) müstəqillik hərəkatının liderlərindən biri Dimitri Keneqe Fransa müstəmləkəçiliyinə son qoymağa çağırıb. O bildirib ki, Kanak xalqı tarixində müstəmləkəçilik səhifəsi bağlanana qədər mübarizəsini davam etdirəcək.

Keneqe bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) sosial şəbəkələrdəki rəsmi səhifələrində yayımlanan videomüraciətində bildirib.

O, Birləşmiş Millətlər Təşkilatında keçirilən konfransda çıxış etmək imkanı yaratdığına görə BTQ-yə təşəkkür edib və tədbirin beynəlxalq ictimaiyyətin diqqətini Kanak xalqının mövcudluğuna cəlb etməyə də imkan verdiyini vurğulayıb.

“Bu, həmçinin dünyaya, xarici aləmə mövcud olan bir ölkənin və xalqın olduğunu göstərməyə imkan verir. Bu xalq müstəmləkəçilik səhifəsini bağlayana qədər, nə qədər vaxt tələb olunursa-olunsun, mübarizəsini davam etdirəcək”, - deyə o bildirib.

Keneqe Fransa müstəmləkəçiliyinə son qoyulmasının vaxtının çatdığını vurğulayaraq, Kanak xalqının müstəmləkəçiliyin və cəmiyyətdən təcrid olunmanın davam etməsi ilə daha barışa bilməyəcəyini qeyd edib.

“72 illik müstəmləkəçilikdən sonra Fransanın bizi müstəmləkə altında saxlamağa və cəmiyyətdən təcrid etməyə davam etməsinə imkan verə bilmərik. Biz bir gün günəşin doğuşunu görməliyik”, - deyə o bildirib.

O əlavə edib ki, Fransa dekolonizasiya prosesini öyrənməlidir, çünki ölkə bu prosesi necə həyata keçirməli olduğunu hələ də anlamır.

“Düşünürəm ki, Fransanın dekolonizasiyanı öyrənməsi də onun xeyrinə olardı, çünki Fransa bu prosesi necə həyata keçirməli olduğunu heç bilmir”, - deyə Keneqe fikrini yekunlaşdırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti