Bakı. Trend:
Milli adət-ənənələrimizi qorumaq, onlara önəm vermək mütləqdir.
Bunu Trend-ə çərşənbə günü QHT-lərin təşkilatçılığı ilə Bakının mərkəzində keçirilən “Kəlağayı” yürüşü barədə danışan paytaxt sakini Tamara Ağayevə deyib.
O bildirib ki, bu ənənələrin yaşadılması cəmiyyətdə hər hər kəs tərəfindən rəğbətlə qarşılanır.
"Azərbaycan qadınına xüsusi gözəllik və zəriflik bəxş edən, əsrlərin sınağından çıxaraq bu günümüzə qədər gəlib çatan milli baş örtüyümüz kəlağayı hər bir Azərbaycan qadınına çox yaraşır.
Milli dəyərlərimizin təbliği və unudulmaması məqsədilə həyata keçirilən belə təşəbbüslər həm estetik baxımdan çox gözəl təsir bağışlayır, həm də köklərimizə olan bağlılığımızı bir daha nümayiş etdirir”, - deyə o bildirib.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru Esmira Fuad deyib ki, yürüşün məqsədi xalqımızın milli simvolu olan kəlağayını tarixi yaddaşı və mədəniyyəti gənc nəslə sevdirərək təbliğ etməkdir.
O qeyd edib ki, kəlağayının milli naxışları və ornamentləri mədəniyyətimizdə mühüm simvolik məna daşıyır:
“Kəlağayının rəng simvolikası xüsusi fəlsəfəni əks etdirir. Gənclər üçün qırmızı kəlağayı, orta yaşlılar üçün yaşıl kəlağayı, yaşlı dünyasını dəyişənlər üçün isə qara kəlağayı istifadə olunur".
O bildirib ki, şən və mənalı abu-havada keçən yürüş zamanı iştirakçılar kəlağayı haqqında fikirlərini bölüşüb, onun Azərbaycan geyim mədəniyyətində tutduğu yeri qeyd ediblər.
“Ekoloji Maarifçilik və Monitorinq” İctimai Birliyinin sədri Qəmzə Yusubova deyib ki, Azərbaycana gələn xarici turistlərin qədim xalqımızın mədəniyyəti ilə yaxından tanış olması və kəlağayının təbliği prioritet məsələlərdəndir.
O qeyd edib ki, kəlağayı 2014-cü ildən etibarən UNESCO-nun qeyri-maddi mədəni irs üzrə siyahısına daxil edilib.
“Kəlağayının butası, rəngləri və çalarları Azərbaycan sənətkarlığının nə qədər qədim tarixə malik olduğunu və keçmişə dayandığını göstərir. Kəlağayının hər bir detalı xalqımızın tarixini və qədimliyini əks etdirən bir simvoldur. Gənclər kəlağayının yalnız yürüşlərdə deyil, həmçinin milli bayramlarda, əlamətdar günlərdə və ailə tədbirlərində şərəflə daşınmasını arzulayırlar.
Gündəlik həyatda baş örtüyü olaraq kəlağayıdan istifadə edilməsi və bu irsin nənələrdən gələcək nəsillərə ötürülməsi vacibdir”, - deyə o əlavə edib.
Qeyd edək ki, Bakı milli ənənələrin rəngarəngliyi ilə canlanıb. Qız qalasından “Kəlağayı” adlı rəngarəng yürüşə start verilib.
Milli geyimlərdə olan iştirakçılar İçərişəhər – Fəvvarələr meydanı – Bakı bulvarı marşrutu ilə hərəkət edərək paytaxt sakinlərinin və qonaqların diqqətini cəlb edirlər. Onlar yoldan keçənlərlə şəkil çəkdirir, insanlara təbəssüm bəxş edir, mahnılar ifa edir və şəhər gəzintisini əsl milli mədəniyyət bayramına çevirirlər.
Aksiyanın əsas məqsədi ənənəvi Azərbaycan qadın baş örtüyü olan kəlağayının təbliğidir. Kəlağayı Azərbaycan xalqının çoxəsrlik tarixini, milli kimliyini, adət-ənənələrini və estetik dünyagörüşünü özündə yaşadan mühüm mədəni irs nümunəsidir. Təbii ipəkdən hazırlanan bu zərif baş örtüyü əsrlər boyu Azərbaycan qadınlarının geyim mədəniyyətinin ayrılmaz hissəsi olub. Kəlağayı yalnız milli geyim elementi deyil, həm də xalqımızın mənəvi dəyərlərinin, zəriflik, gözəllik və xanımlıq rəmzlərinin ifadəsidir.
Kəlağayının dəyərini artıran mühüm amillərdən biri də beynəlxalq səviyyədə tanınmasıdır. 2014-cü ildə kəlağayının hazırlanması və geyinilməsi ənənəsi, eləcə də onun simvolikası UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Bu, Azərbaycan ənənələrinin özünəməxsusluğunu və onların qorunub saxlanılmasının vacibliyini bir daha təsdiqləyir.
Kəlağayı keçmişlə bu günü birləşdirir və mədəni dəyərlərin qorunmasının gələcəyə töhfə olduğunu xatırladır. Bu cür təşəbbüslər sayəsində milli ənənələr yeni həyat qazanır, Azərbaycanın mədəni irsi gənc nəsil üçün daha əlçatan olur və ölkəmizə gələn qonaqların marağını cəlb edir.
