Bakı.Trend:
"Anglo Asian Mining" şirkəti 2026-cı ilin yanvar-sentyabr aylarında 14 354 ton mis istehsal edib.
Şirkətin yenilənmiş hesabatında bildirilir ki, ötən ilin eyni dövründə bu göstərici 3 476 ton təşkil edib. Beləliklə, illik müqayisədə mis istehsalı dörd dəfədən çox artıb.
2026-cı ilin üçüncü rübündə də mis istehsalında artım davam edib. Belə ki, ikinci rübdəki 5 129 tonla müqayisədə üçüncü rübdə 5 514 ton mis istehsal olunub.
Şirkət “Dəmirli” mədəninin noyabrın sonunadək tam istehsal gücünə çatacağını gözləyir.
“Ortamüddətli inkişaf strategiyamıza uyğun olaraq, şirkət 2026-cı ildə əsasən mis istehsalı üzrə ixtisaslaşmış istehsalçıya çevriləcək”,-deyə "Anglo Asian Mining"dən bildirilib.
"Anglo Asian Mining" şirkətinin baş icraçı direktoru Rza Vəziri bildirib ki, şirkət istehsal strukturunda misin üstünlük təşkil etdiyi orta miqyaslı istehsalçıya çevrilməyi nəzərdə tutan ortamüddətli strategiyasını həyata keçirmək üçün əlverişli mövqedədir.
“Ötən rüb əməliyyat fəaliyyətimizdə davam edən irəliləyişdən məmnunuq. “Dəmirli” mədənində hasilatın tədricən artırılması sayəsində mis istehsalı ardıcıl olaraq hər rüb yüksəlib. İşlər qrafikə uyğun davam edir və mədənin noyabrın sonunadək tam istehsal gücünə çatması gözlənilir”, – o deyib.
Qeyd edək ki, "Anglo Asian Mining plc" Azərbaycanda istehsal və geoloji kəşfiyyat aktivləri portfelinə malik mis və qızıl istehsalçısıdır.
Şirkət 2030-cu ilədək bir neçə aktivə malik orta miqyaslı mis və qızıl istehsalçısına çevrilməyi nəzərdə tutan inkişaf strategiyasını həyata keçirir. Mis artıq şirkətin əsas məhsuluna çevrilib. Proqnozlara görə, 2030-cu ilədək illik mis istehsalı təxminən 50–55 min tona çatacaq.
İstehsalın artırılması 2027–2030-cu illərdə üç yeni mədənin – “Xarxar”, “Qaradağ” və “Zəfər” mədənlərinin istismara verilməsi hesabına təmin ediləcək. Bu mədənlərdə hasilata müvafiq olaraq 2025-ci ilin may və iyul aylarında başlanmış “Gilar” və “Dəmirli” mədənlərini tamamlayacaq.
