Azərbaycanı təhlükəsiz dəhliz olaraq görürük.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit cümə axşamı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə çıxışı zamanı bildirib.
O bildirib ki, Laosun AQEM-ə üzv qəbul olunması bu ölkə üçün dönüş nöqtələrindən biridir.
“Laos artıq AQEM-in üzvünə çevrilib. Qlobal sülhə töhfəmizi verməyə hazırıq. AQEM-i əməkdaşlıq platforması kimi görürük. AQEM-ə üzvlük bizim üçün böyük məsuliyyət yaradır. Biz AQEM-in işinə töhfə verməyə, dünyada uzunmüddətli sülhün qorunması istiqamətində töhfəmizi verməyə hazırıq. Sülh, dostluq və əməkdaşlıq prinsiplərinə sadiq qalacağımıza söz veririk.
Bölgə ölkələri və təşkilata üzv dövlətlərin dayanıqlı inkişafı üçün əlaqələrimiz vacibdir”, – deyə o bildirib.
Qeyd edək ki, Azərbaycanın sədrliyi ilə Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü keçirilir.
İclasda 2022-ci ildə AQEM-in transformasiyasına start verildikdən bəri əldə olunmuş inkişaf, eləcə də Azərbaycanın sədrliyinin təşkilatın möhkəmləndirilməsi və üzv dövlətlər arasında praktiki əməkdaşlığın irəlilədilməsi sahəsindəki nailiyyətləri nəzərdən keçiriləcək.
“Daha güclü AQEM: Asiyada əlaqəlilik, rəqəmsallaşma və dayanıqlı inkişaf” şüarını rəhbər tutaraq, Azərbaycan 2024–2026-cı illər üzrə sədrliyi dövründə dialoqu və nəticəyönümlü əməkdaşlığı təşviq edib.
