Bakı.Trend:
"Anglo Asian Mining" şirkəti 2026-cı il sentyabrın 30-da başa çatan üç ay ərzində 10,6 milyon dollar xalis pul vəsaiti azalması qeydə alıb.
Bu barədə şirkətin son hesabatında bildirilib.
“2026-cı il sentyabrın 30-na olan vəziyyətə görə, pul vəsaitlərinin həcmi 13,5 milyon dollar azalaraq 56,5 milyon dollara, borcun məbləği isə 2,9 milyon dollar azalaraq 9,4 milyon dollara düşüb. Nəticədə şirkətin xalis pul vəsaitlərinin həcmi 10,6 milyon dollar azalaraq 47,1 milyon dollar təşkil edib”, - şirkətdən bildirilib.
"Anglo Asian Mining" şirkətində xalis pul vəsaitlərinin həcminin azalmasının əsas səbəblərinin aşağıdakılar olduğu qeyd edilib:
-
sentyabrın sonuna 30,1 milyon ABŞ dolları dəyərində konsentratın satışı ilə əlaqədar dövriyyə kapitalının artması; satışdan əldə olunan gəlir oktyabr ayında daxil olub;
-
5,4 milyon dollar məbləğində mənfəət vergisinin ödənilməsi;
-
2025-ci il üzrə 4,6 milyon dollar məbləğində yekun dividendlərin ödənilməsi;
-
müvafiq məbləğlər razılaşdırıldıqdan sonra 2025-ci ilin iyulundan 2026-cı ilin fevralınadək olan dövrdə mis konsentratının satışından dövlətin payı hesabına Azərbaycan hökumətinə 8,8 milyon dollar ödənilməsi.
Qeyd edək ki, "Anglo Asian Mining" 2026-cı ilin yanvar-sentyabr aylarında 14 354 ton mis istehsal edib. Bu, 2025-ci ilin eyni dövründəki 3 476 tonla müqayisədə rekord göstəricidir. Beləliklə, illik müqayisədə mis istehsalı dörd dəfədən çox artıb.
2026-cı ilin III rübündə mis istehsalı II rübdəki 5 129 tonla müqayisədə artaraq 5 514 tona çatıb. Şirkət Demirli mədəninin noyabrın sonunadək tam istehsal gücünə çatacağını gözləyir.
III rübdə qızıl istehsalı ötən ilin eyni dövründəki 6 798 unsiya ilə müqayisədə 6 781 unsiya təşkil edib. Şirkət 2026-cı ilin ilk doqquz ayında 19 110 unsiya qızıl istehsal edib. Ötən ilin eyni dövründə bu göstərici 18 912 unsiya olub.
Azərbaycanda gümüş istehsalı 2026-cı ilin yanvar-sentyabr aylarında illik müqayisədə 40,25 faiz artaraq 145 824 unsiyaya çatıb. 2025-ci ilin eyni dövründə 103 971 unsiya gümüş istehsal olunub. III rübdə isə gümüş istehsalı illik müqayisədə 27,25 faiz artaraq ötən ilin eyni dövründəki 41 623 unsiya ilə müqayisədə 52 969 unsiya təşkil edib.
"Anglo Asian Mining" şirkəti 2026-cı il üzrə istehsal proqnozunu dəyişməyib. Şirkət il ərzində 20–25 min ton mis, 26–30 min unsiya qızıl və 170–210 min unsiya gümüş istehsal etməyi planlaşdırır.
