Azərbaycanda sorğuların elektron kabinet vasitəsilə göndərilməsi mümkün olacaq

Cəmiyyət Sənəd 15 Oktyabr 2026 15:00 (UTC +04:00)
Azərbaycanda sorğuların elektron kabinet vasitəsilə göndərilməsi mümkün olacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda informasiya sorğularının Elektron Hökumət İnformasiya Sistemindəki (EHİS) elektron kabinet vasitəsilə göndərilməsi və cavablandırılması mümkün olacaq.

Trend-in əldə etdiyi məlumata görə, bu məsələ Milli Məclisin oktyabrın 16-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “İnformasiya əldə etmək haqqında” Qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Elektron xidmət anlayışı dəyişdirilir

Qanun layihəsinə əsasən, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda elektron xidmət anlayışının yeni redaksiyada verilməsi nəzərdə tutulur.

Mövcud redaksiyada elektron xidmət dövlət orqanlarının səlahiyyətlərinin icrası zamanı digər dövlət orqanlarına, bələdiyyələrə, fiziki və hüquqi şəxslərə göstərdiyi, müvafiq hüquqi nəticənin yaranması və ya xidmət istifadəçisinə zəruri informasiyanın verilməsi ilə tamamlanan xidmətin elektron formada həyata keçirilməsi kimi müəyyənləşdirilib.

Təklif olunan redaksiyada isə elektron xidmət dövlət xidmətlərinin informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə tərəflər arasında birbaşa təmas olmadan xidmət istifadəçilərinə göstərilmə forması kimi müəyyən edilir. Xidmətin məqsədləri üçün birbaşa təmasın tələb olunduğu hallar istisna təşkil edir.

Elektron xidmətlər rəsmi internet resursları vasitəsilə də göstərilə biləcək

Qanun layihəsində elektron xidmətlərin göstərilməsi mexanizminə dair dəqiqləşdirmələr də yer alıb.

Mövcud qanunvericiliyə əsasən, elektron xidmətlər müvafiq məqsədəuyğunluq rəyi alındıqdan, zəruri təkmilləşdirmələr aparıldıqdan, informasiya təhlükəsizliyi tələblərinə uyğunluq təmin edildikdən, dövlət informasiya ehtiyatları, sistemləri və elektron xidmətlərin vahid reyestrinə daxil edildikdən və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunduqdan sonra həmin sistem vasitəsilə göstərilir.

Təklif olunan dəyişikliklərə əsasən, qeyd olunan şərtlər yerinə yetirildikdən sonra elektron xidmətlər EHİS üzərindən və ya rəsmi internet informasiya ehtiyatlarında, yaxud sahəvi portallarda həmin sistemə keçid verilməklə göstərilə biləcək.

İnformasiya sorğularının təqdim edilməsi qaydası genişləndirilir

Hazırda yazılı informasiya sorğusu şəxsən təqdim edilə, poçt, telefaks və ya elektron poçt vasitəsilə göndərilə bilər. Layihəyə əsasən, bu üsullara EHİS-dəki elektron kabinet üzərindən sorğunun göndərilməsi də əlavə edilir.

Bununla yanaşı, sənədlərin reyestrində sənədin daxil olma və ya göndərilmə üsuluna dair məlumatlar sırasında EHİS-dəki elektron kabinet vasitəsilə həyata keçirilən əməliyyatların da nəzərə alınması təklif olunur.

Layihədə informasiya əldə etmənin formalarının genişləndirilməsi də nəzərdə tutulur. Belə ki, sorğuçunun yazılı sorğusunun təmin edilməsi formalarına sənədin EHİS-dəki elektron kabinet üzərindən təqdim edilməsi əlavə edilir.

Sorğularda FİN və VÖEN göstərilməsi nəzərdə tutulur

Qanun layihəsində EHİS vasitəsilə təqdim edilən və ya həmin sistem üzərindən cavablandırılması tələb olunan informasiya sorğuları üçün əlavə məlumat tələbi müəyyənləşdirilir.

Təklif olunan yeni normaya əsasən, belə hallarda sorğuda fiziki şəxsin fərdi identifikasiya nömrəsinin (FİN), hüquqi şəxsin isə vergi ödəyicisinin eyniləşdirilmə nömrəsinin (VÖEN) göstərilməsi nəzərdə tutulur.

Bu tələb sorğunun EHİS-dəki elektron kabinet vasitəsilə təqdim edildiyi və ya cavabın həmin kabinet üzərindən alınması istənildiyi hallara şamil edilir.

İnformasiya sorğularına cavablar elektron kabinet üzərindən də təqdim ediləcək

Layihə ilə informasiya sahibinin sorğuda tələb olunan məlumatları təqdim etmə üsullarına EHİS-dəki elektron kabinet üzərindən cavablandırma da əlavə olunur.

Mövcud qanunvericilikdə informasiya sorğusunun icrası zamanı məlumatın elektron informasiya daşıyıcısında yazılması və ya sorğuda göstərilən elektron poçt ünvanına göndərilməsi, eləcə də sənədin surətinin və ya çıxarışının birbaşa təqdim edilməsi və ya poçt ünvanına göndərilməsi nəzərdə tutulur.

Təklif olunan dəyişikliklər bu üsulları saxlamaqla EHİS-dəki elektron kabinet vasitəsilə cavablandırma imkanını da müəyyən edir.

Beləliklə, qanun layihəsi informasiya sorğularının elektron qaydada göndərilməsi, sənədlərin təqdim edilməsi və sorğulara cavab verilməsi üçün EHİS-dəki elektron kabinetdən istifadəni qanunvericilikdə ayrıca nəzərdə tutmağı hədəfləyir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti