Bakı. Trend:
Azərbaycanda banklar riskli əməliyyatların, o cümlədən qanunsuz
qumar oyunları ilə əlaqəli pul köçürmələrinin qarşısının alınması
üçün müştərilərin əməliyyatlarını təhlil etməli və müvafiq limitlər
müəyyənləşdirməlidirlər.
Azərbaycan Mərkəzi Bankı (AMB) bu sahədə ümumi tələbləri müəyyən
edir, konkret limitlərin tətbiqi isə bankların öz risk
qiymətləndirməsindən asılıdır.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə cümə axşamı Maliyyə Sabitliyi Hesabatının təqdimatına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, Mərkəzi Bankın tələbləri çərçivəsində banklar çirkli pulların yuyulması, qanunsuz qumar oyunları və mənbəyi məlum olmayan vəsaitlərin bank sisteminə daxil olması kimi riskləri müəyyənləşdirməlidirlər.
“Biz banklardan riskli əməliyyatları aşkar etməyi tələb edirik. Bank öz müştərisini tanımalı, onun gündəlik əməliyyatlarının sayını, məbləğini və xarakterini təhlil etməlidir. Konkret limitləri isə banklar özləri müəyyənləşdirirlər. Biz nəzarət tədbirləri zamanı yoxlayırıq ki, riskli əməliyyatlar aşkar edilibmi və bank həmin risklərə qarşı zəruri tədbirlər görübmü”, - deyə Ş.Mahmudzadə qeyd edib.
AMB rəsmisi vurğulayıb ki, bankların öz aralarında razılaşaraq müəyyən əməliyyatlar üzrə vahid limitlər tətbiq etməsi də risklərin azaldılmasına yönəlib. Bununla belə, hər bir bank müştərisinin əməliyyat xüsusiyyətlərini nəzərə alaraq əlavə nəzarət mexanizmləri tətbiq edə bilər.
Onun sözlərinə görə, müəyyən edilmiş limitin aşılması hər bir halda əməliyyatın avtomatik olaraq qeyri-qanuni olması demək deyil. Belə hallarda bank müştərinin əməliyyatlarını araşdıra və onların xarakterini qiymətləndirə bilər.
“Əgər müştərinin əməliyyatları müəyyən edilmiş limiti aşırsa, bank əlavə araşdırma apara bilər. Müştəri banka müraciət etdikdə və əməliyyatların mahiyyəti aydınlaşdırıldıqda, bank öz qiymətləndirməsinə əsasən qərar verə bilər. Burada əsas məsələ risklərin düzgün müəyyənləşdirilməsi və şübhəli əməliyyatlara nəzarətin təmin edilməsidir”, - deyə o bildirib.
Ş.Mahmudzadə əlavə edib ki, maliyyə əməliyyatlarına limitlərin tətbiqi müəyyən hallarda müştərilər üçün narahatlıq yarada bilər. Lakin bu cür məhdudiyyətlərin effektivliyi onların yaratdığı çətinliklərlə yanaşı, cəmiyyət üçün potensial faydaları nəzərə alınmaqla qiymətləndirilməlidir.
“İstənilən tənzimləmə müəyyən məhdudiyyətlər yaradır. Ancaq burada ümumi fayda və mümkün zərər müqayisə edilməlidir. Hesab edirik ki, bankların tətbiq etdiyi bu limitlərin cəmiyyət üçün faydası daha çoxdur. Çünki qanunsuz qumar oyunları və bu cür əməliyyatlar nəticəsində bir çox ailələr ciddi maddi problemlərlə üzləşə bilirlər”, - deyə AMB-nin baş direktoru vurğulayıb.
O qeyd edib ki, bankların risklərin idarə olunması üzrə məsuliyyəti yalnız limitlərin müəyyənləşdirilməsi ilə məhdudlaşmır. Maliyyə qurumları əməliyyatları davamlı izləməli, şübhəli halları vaxtında aşkar etməli və müvafiq nəzarət tədbirləri görməlidirlər.
