Cənubi Qafqaz və Mərkəzi Asiyanın bir çox ölkəsi Yaxın Şərqdəki böhran fonunda dayanıqlılıq nümayiş etdirir – BVF

İqtisadiyyat Xəbər 15 Oktyabr 2026 08:46 (UTC +04:00)
Cənubi Qafqaz və Mərkəzi Asiyanın bir çox ölkəsi Yaxın Şərqdəki böhran fonunda dayanıqlılıq nümayiş etdirir – BVF
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Qafqaz və Mərkəzi Asiyanın bir çox ölkəsi Yaxın Şərqdəki böhran fonunda dayanıqlılıq nümayiş etdirir.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad Azur brifinq zamanı bildirib.

“Birbaşa münaqişənin təsirinə məruz qalan ölkələr ciddi təzyiqlərlə üzləşir. Eyni zamanda, Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan regionunun (MENAP) digər iqtisadiyyatları, eləcə də Qafqaz və Mərkəzi Asiya ölkələrinin əhəmiyyətli bir hissəsi daha yüksək dayanıqlılıq nümayiş etdirib”, – deyə o bildirib.

Azur qeyd edib ki, perspektivlər böyük ölçüdə enerji resurslarının hasilatının və ticarətin nə qədər tez normallaşacağından, eləcə də ölkələrin makroiqtisadi sabitliyi qorumaq qabiliyyətindən asılıdır.

“Münaqişə fonunda birbaşa təsirə məruz qalan neft ixracatçısı ölkələrin demək olar ki, hamısında neft hasilatı kəskin azalıb. Eyni zamanda, gəmiçilikdə və neft məhsullarının tədarükündə yaranan fasilələr yanacağın qiymətlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

Bununla belə, nəticələr ilkin ehtimallarla müqayisədə daha məhdud miqyasda olub. Müharibə başlamazdan əvvəl formalaşmış büdcə profisitləri, Fars körfəzi ölkələrindən kənarda neft hasilatı, alternativ nəqliyyat marşrutları, tələbin uyğunlaşması və toplanmış ehtiyatlardan geniş istifadə mənfi təsirləri yumşaltmağa kömək edib”, – deyə o bildirib.

Azur əlavə edib ki, bu amillər vaxt qazanmağa imkan versə də, onların təsir imkanları məhduddur.

“Ehtiyatlar azalıb, sərbəst hasilat gücləri daralıb və yeni fasilələr qiymətlərin daha kəskin dəyişməsinə səbəb ola bilər”, – deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti