Bakı.Trend:
Sosial şəbəkələrdə Hörmüz boğazında batan konteyner gəmisindən balıqçıların minlərlə “iPhone” və bahalı ətir çıxardığını əks etdirən videolar yayılıb.
Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin “The National News” nəşri məlumat yayıb.
Ötən gün Hörmüz boğazında naməlum mərmi ilə vurulduqdan sonra batan GFS Pride konteyner gəmisinin yükü ilə bağlı sosial şəbəkələrdə maraqlı iddialar yayılıb. Paylaşımlarda gəmidən düşərək suyun üzərində üzən konteynerlərdən minlərlə “iPhone”un çıxarıldığı, hadisə yerində isə mobil telefon və bahalı ətirlərin satışa çıxarıldığı bildirilir.
Lakin bu görüntülərin həqiqiliyi təsdiqlənməyib. Videoların harada və nə vaxt çəkildiyi, eləcə də “GFS Pride” gəmisinin batması ilə əlaqəli olub-olmadığı məlum deyil. Süni intellekt vasitəsilə yaradılmış və suyun üzərində minlərlə “iPhone”un üzdüyünü əks etdirən təsvirlər də sosial şəbəkələrdə yayılıb.
Xatırladaq ki, Sinqapurda qeydiyyatdan keçmiş gəmi ötən gün Hörmüz boğazında hücuma məruz qaldıqdan sonra batıb. Gəminin 21 nəfərlik heyətinin hamısı təhlükəsiz təxliyə edilib, xəsarət alan olmayıb.
Gəminin 2 824 standart konteyner daşımaq gücü olsa da, batdığı zaman göyərtəsində neçə konteynerin olduğu və onların hansı yükləri daşıdığı açıqlanmayıb.
