Bakı. Trend:
Azərbaycanda lombardların fəaliyyətinin tənzimlənməsi, onların lisenziyalaşdırılması və müştəri hüquqlarının qorunması ilə bağlı qanun layihəsi hazırlanır.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə cümə axşamı Maliyyə Sabitliyi Hesabatının təqdimatına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, lombard sektorunun tənzimlənməsi ilə bağlı
qanunvericilik layihəsinin hazırlanması prosesi davam edir. Sənəddə
lombardların fəaliyyətinə dair tələblərin, eləcə də müştərilərlə
münasibətlərin tənzimlənməsi məsələlərinin əksini tapması nəzərdə
tutulur.
“Burada məqsəd müştərilərin hüquqlarının pozulmasının qarşısını
almaq, onların lombardlara girov qoyduqları əmlakın qorunmasını
təmin etmək və eyni zamanda, sektorun fəaliyyətini müvafiq
qanunvericilik çərçivəsində davam etdirməsinə şərait yaratmaqdır”,
- deyə o qeyd edib.
Baş direktorun sözlərinə görə, qanun layihəsi hazırlandıqdan və
müvafiq razılaşdırma prosedurlarından keçdikdən sonra lombardların
fəaliyyətinin tənzimlənməsi üzrə növbəti mərhələyə başlanılacaq. Bu
çərçivədə müvafiq qaydaların və digər normativ sənədlərin
hazırlanması da nəzərdə tutulur.
Ş. Mahmudzadə bildirib ki, yeni tələblərin qüvvəyə minməsindən
sonra lombardlara fəaliyyətlərini qanunvericiliyə uyğunlaşdırmaq
üçün müəyyən keçid müddətinin verilməsi məsələsi də nəzərdən
keçiriləcək.
“Lombardlara öz fəaliyyətlərini yeni tələblərə uyğunlaşdırmaq üçün
vaxt veriləcək. Tələblərə uyğunlaşa bilməyən subyektlərin
fəaliyyətinin dayandırılması və lisenziyalaşdırma ilə bağlı
məsələlər isə müəyyənləşdiriləcək qaydalar çərçivəsində həllini
tapacaq”, - deyə baş direktor vurğulayıb.
O əlavə edib ki, qanun layihəsinin hazırlanması ilə yanaşı, onun hökumətlə razılaşdırılması, qüvvəyə minməsi və tətbiq mexanizmlərini müəyyən edən normativ sənədlərin qəbul edilməsi də zəruridir. Buna görə də lombard sektorunun tənzimlənməsinin konkret mexanizmləri müvafiq prosedurlar başa çatdıqdan sonra müəyyənləşəcək.
