Türkiyənin sosial media məkanında Azərbaycana qarşı informasiya hücumları təəssüf doğurur - RƏY

Siyasət Rəy 15 Oktyabr 2026 14:22 (UTC +04:00)
Türkiyənin sosial media məkanında Azərbaycana qarşı informasiya hücumları təəssüf doğurur - RƏY
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər Türkiyənin sosial media məkanında Azərbaycanla bağlı aparılan bəzi müzakirələr, eləcə də Azərbaycanın Türkiyədəki səfirliyi qarşısında keçirilən aksiyalar təəssüf doğurur.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər adi dövlətlərarası əlaqələrdən daha geniş məna daşıyır və ayrı-ayrı qrupların emosional çağırışları, sosial şəbəkələrdə aparılan kampaniyalar bu münasibətlərin ruhuna zərər verməməlidir:

“İlk növbədə nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqil və dünyəvi dövlətdir. Ölkə daxilində təhsil, ictimai münasibətlər və digər məsələlərlə bağlı qərarların qəbul edilməsi Azərbaycan dövlətinin müstəsna səlahiyyətidir. Hər bir dövlət öz qanunvericiliyinə, Konstitusiyasına və cəmiyyətinin xüsusiyyətlərinə uyğun siyasət müəyyən etmək hüququna malikdir. Bu baxımdan Azərbaycanın qəbul etdiyi qərarı başqa ölkədən təzyiq göstərməklə dəyişdirməyə çalışmaq və məsələni Azərbaycana qarşı kampaniyaya çevirmək qəbuledilməzdir.

Azərbaycanın mövqeyi dini inanclara qarşı mübarizə kimi də təqdim edilməməlidir. Azərbaycan cəmiyyətində dini etiqad azadlığı qorunur, eyni zamanda dövlət idarəçiliyinin və təhsil sisteminin dünyəvi xarakteri mühüm prinsip olaraq qalır. Dövlətin vahid məktəbli forması müəyyən etməsi dini etiqadın məhdudlaşdırılması ilə eyniləşdirilə bilməz”.

Deputat qeyd edib ki, maraqlıdır ki, Türkiyənin özündə də son illərdə cəmiyyətin müəyyən hissələri ölkədəki sosial və ideoloji dəyişiklikləri ciddi şəkildə müzakirə edir: “İctimai polemikalarda “ərəbləşmə” və “mollalaşma” kimi sərt ifadələrdən istifadə edən, Türkiyənin dünyəvi dövlətçilik ənənələrinin qorunmasını tələb edən insanların mövqelərinə rast gəlirik. Bu, ilk növbədə Türkiyə cəmiyyətinin öz daxilində apardığı müzakirədir və ona qiymət vermək bizim vəzifəmiz deyil. Lakin həmin mübahisələrin və ideoloji qarşıdurmaların Azərbaycana ixrac edilməsi də doğru yanaşma sayıla bilməz.

Azərbaycanla bağlı fikir bildirərkən qardaşlıq münasibətlərinin yaratdığı məsuliyyət də unudulmamalıdır. Tənqid etmək hər kəsin haqqıdır, lakin səfirlik qarşısında təzyiq xarakterli aksiyalar keçirmək, sosial mediada Azərbaycan əleyhinə kampaniyalar aparmaq və ölkənin daxili qərarlarını təhrif olunmuş formada təqdim etmək sağlam ictimai müzakirəyə xidmət etmir.

Azərbaycan-Türkiyə münasibətləri sosial şəbəkələrdəki radikal çağırışlardan daha böyük və strateji əhəmiyyətə malikdir. Əsl qardaşlıq bir-birinin dövlət suverenliyinə, qanunlarına və daxili seçimlərinə hörmət etməyi də tələb edir. Azərbaycan öz dünyəvi dövlətçilik modelini və milli maraqlarını qorumaq hüququna malikdir və bu hüquqa hörmət göstərilməsi iki ölkə arasındakı münasibətlərin ruhuna ən uyğun yanaşmadır”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti