Son günlərin antiqəhrəmanı: Elman Ağazadə kimin ssenarisini oynayır?

Ekspert rəyi Xəbər 15 Oktyabr 2026 19:01 (UTC +04:00)
Son günlərin antiqəhrəmanı: Elman Ağazadə kimin ssenarisini oynayır?

Sosial şəbəkələr sadəcə ünsiyyət vasitəsi deyil, bəziləri üçün cəmiyyətin zəif damarlarını tutmaq və ideoloji təxribat toxumları səpmək üçün idarə olunan bir alətdir. Xüsusilə dini mövzularda “vaiz” cildinə girərək məktəbliləri, valideynləri və həssas sosial təbəqələri hədəf alan şəxslərin fəaliyyəti artıq adi söz azadlığı kimi dəyərləndirilə bilməz.

Bu gün sosial şəbəkə platformalarında sistemli şəkildə dövlətin dünyəvi sütunlarını baltalamağa çalışanlardan biri Elman Ağzadədir.

YouTube-da 61,5 min, Instagram-da 112 min, TikTok-da 25 minə yaxın izləyici auditoiriyası... Müntəzəm yenilənən videolar, yüksək keyfiyyətli çəkilişlər, öncədən hesablanmış jest və mimikalar, auditoriyanın emosiyalarına oynayan xüsusi ritm... Elman Ağzadənin təqdim etdiyi bu görünüş fərdi inancın və ya fərdi fəaliyyətin nəticəsi deyil. Bu, peşəkar şəkildə kənardan idarə olunan, maliyyələşdirilən və müəyyən mərkəzlərdən yönləndirilən sistemli bir propaqanda maşınıdır.

Cavab aydındır: Dini həssaslıqlardan sui-istifadə edərək ictimai rəyi manipulyasiya etmək, dövlət institutlarına inamsızlıq yaratmaq və cəmiyyətdə suni qütbləşmə formalaşdırmaq.

Ağzadənin istifadə etdiyi emosional pafos, dramatik vurğular və dini kəlamların arxasında gizlətdiyi natamam faktlar cəmiyyətə “dini maarifləndirmə” kimi yeridilməyə çalışılır. Lakin onun əsas hədəfi maarifləndirmək deyil, insanları dövlətin qərarlarına qarşı yönəltmək, ictimai-siyasi sabitliyi pozmaqdır. Nazirlər Kabinetinin vahid məktəbli geyimi ilə bağlı qərarına qarşı başladığı aqressiv təbliğat da bunun bariz sübutudur.

Elman Ağzadə yaxşı bilir ki, məktəb dövlətin dünyəvilik, nizam-intizam və bərabərlik prinsiplərinin qorunduğu ən strateji məkandır. Vahid geyim şagirdlər arasında sosial və zahiri fərqləri aradan qaldırır, hamı üçün bərabər təhsil mühiti yaradır. Lakin Ağzadə bu dünyəvi və sosial normanı bilərəkdən dini inanc məsələsi kimi qələmə verir, müzakirəni mahiyyətindən yayındırır və valideynləri, məktəbli uşaqları dövlət məktəblərinə qarşı cəbhə almağa sövq edir.

Dini şəxsi həyatın inanc məsələsindən çıxarıb təhsil ocaqlarında dövlət qaydalarına qarşı siyasi bayrağa çevirmək cəhdi birbaşa ideoloji təxribatdır.

Xüsusilə azyaşlıların və yeniyetmələrin psixologiyasından istifadə edərək onları dövlət qaydalarına qarşı radikal ruhiyyədə kökləmək Elman Ağzadənin fəaliyyətindəki ən təhlükəli məqamdır. Yeniyetmələrin emosional həssaslığını istismar etmək, onları “haqq-ədalət” pərdəsi altında dövlətin dünyəvi təhsil sisteminə qarşı qaldırmağa çalışmaq söz azadlığı deyil, cəmiyyətin gələcəyinə qarşı yönəlmiş təhdiddir.

Ortada cavab tələb edən kəskin suallar var:

-Elman Ağzadənin arxasında hansı ideoloji mərkəzlər dayanır?

-Onun sosial şəbəkələrdəki sistemli media fəaliyyətini və çəkilişlərini kimlər maliyyələşdirir?

-Dini şəxsi inanc kimi deyil, dövlət qərarlarına qarşı itaətsizlik aləti kimi təqdim etməkdə məqsəd nədir?

Elman Ağzadə barədə məlum olan onun Azərbaycanda dövlətçiliyə qarşı bundan öncə də radikal çıxışlar etməsi, ekstremist fəaliyyətə görə məsuliyyətə cəlb olunması ilə bağlıdır. Amma görünür ki, azadlığa çıxdıqdan sonra da o, fəaliyyətini davam etdirir. Onun Azərbaycana qonşu olan ölkələrdən birinin təsir agenti olması ehtimalı var.

Amma Elman Ağazadə anlamır ki, Azərbaycan dünyəvi, hüquqi dövlətdir. Bu ölkədə heç kimə, o cümlədən dini ritorika arxasında gizlənən radikallar dünyəvi təhsil sistemini hədəf almağa, məktəbliləri alət etməyə və cəmiyyəti parçalamağa icazə verilə bilməz.

Dövlət qərarları ilə bağlı hər hnası müzakirələr faktlara dayanmalı, dövlətçilik prinsiplərini və cəmiyyətin sabitliyini hədəf almamalıdır.

Cəmiyyətimiz bu tür manipulyasiyalar qarşısında ayıq-sayıqdır və din pərdəsi altında aparılan siyasi oyunlara və dövlətçilik əleyhinə yönəlmiş təhlükəli ritorikalara rədd cavabı verir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti